RU
Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi - (Yenilənib)
17:54
24

Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi - (Yenilənib)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası haqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.

 Dövlət Komitəsinin məlumatına görə, Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.

​"Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınmışdır.

Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanmışdır.

​Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək", - məlumatda deyilir.

_____________

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia edilib.

Uşağın valideynlərinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ