Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ənvər Tağıyevin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Ukraynanın Baş Prokurorluğuna müraciəti, zəruri sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində Ənvər Tağıyevin Azərbaycana ekstradisiyasına razılıq verilib.
Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayəti törətməsinə, eləcə də aksiz markası ilə markalanmalı olan yükü markalanmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiyi üçün İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində Ənvər Tağıyevin Ukraynada olduğu müəyyənləşdirilib və onun saxlanılması təmin olunub.
Hazırda Tağıyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.








