RU
Bir ölüm, min dirilişdir: “Murov qartalı” Raqub Orucovun əziz xatirəsinə…
17:34
1526

Bir ölüm, min dirilişdir: “Murov qartalı” Raqub Orucovun əziz xatirəsinə…

Aprel döyüşləri davam edirdi. Bölgədə günəşli hava müşayiət olunurdu. Ağaclar çiçəkləmişdi. Amma çiçək qoxusu ilə barıt qoxusu bir-birinə qarışmışdı. Havada müharibə ətri qoxulanırdı. Hər kəs təlaş içində cəbhədən gələn xəbərləri gözləyirdi. Cəbhənin Tərtər istiqamətindən Ağdama tərəf gəlirdim. Yuxusuzluqdan gözlərim yumulurdu. Elə hey mürgüləyə-mürgüləyə yol kənarına toplaşmış insanlar diqqətimi çəkirdi. Yol kənarına toplaşan insanların böyük əksəriyyəti ölkənin müxtəlif bölgəsindən gələn gənclər idi. Onlar orduya dəstək üçün toplaşmışdılar. Hətta dəfələrlə Tərtər və Ağdam polisinə, komissarlığına döyüşlərə qatılmağa görə müraciət etmişdilər. Üstəlik, bu zəmində bəzi mübahisələr də yaranmışdı.

Yolboyu Hərbi Tibbi Yardım maşınlarına, onlara anlayışla yol verən mülki minik maşınlarına tez-tez rast gəlinirdi. Həmin günün birinci yarısı Ağdam cəbhəsində qismən sakitlik olsa da ikinci yarısı düşmənin atdığı mərmilər cəbhədən xeyli arxada yerləşən kəndlərə düşdüyü xəbərini almışdım. Məlumatı tam dəqiqləşdirdikdən sonra məndən xəbər gözləyən redaksiya heyətini məlumatlandırdım. Düzünü deyim ki, yuxusuzluqdan çox aclıq mənə güc gəlirdi. Yoldaşlarla qısa müddət ərzində bir yerdə oturub bir qismət yemək yeyib sonra yenə davam etmək qərarına gəldik. Yenicə oturmuşduq. Çaylarımız süzülmüşdü. Onsuz da susmayan telefonuma daha bir zəng gəldi. Telefona cavab verdim. O başdan danışan dostum. Salam-kəlam etmədən boğunuq səslə: "Qaqa,.. Raqub rəhmətə gedib, şəhid olub!” - deyib hönkürtüylə ağlamağa başladı. Əlaqə kəsildi. Təkrar zəng etdim. Düzü hansı Raqubdan söz getdiyini bilmirdim. Növbəti danışığımızda ondan hansı Raqubu dediyini soruşdum. O isə: "Komandiri deyirəm də… Raqub Orucovu… Talışda şəhid olub!”

Onsuz da ac-susuz, yorğun, yuxusuz halda olan vücuduma daha bir ağırlıq çokdü sanki. Əsəbdən əl-ayağım titrəməyə başladı. Allaha yalvarırdım ki, bu yuxu olsun. Amma çox təəssüf ki, onun qohumları da bu xəbəri təsdiqlədi. Onlar da Raqub şəhid olub! - dedilər.

Onu ilk dəfə Ağdam rayonunda yerləşən "N” saylı hərbi hissəyə komandir təyin olunandan sonra görmüşdüm. Sadə, səmimi, səliqəli və mehriban insan idi. Sözünün əvvəli də, axırı da vətən idi. Əsgər və zabitlərini öz ailəsi hesab edirdi. Təzə-təzə tanıyanda elə zənn edirdim ki, hələ subaydır. Yəni, geridə bir gözləyəni yoxdur. Amma sonralar bildim ki, cəsur komandirin ailəsi də var, uşagı da… Bəlkə də bu yazıma görə onun qardaşı, həyat yoldaşı və övladları məndən inciyəcək. Amma düzünü etiraf edim ki, Raqub Orucov burada öz hərəkətləri ilə göstərirdi ki, o vətəni bütün doğmalarından çox sevirdi. Gecə, ya gündüz, nə zaman onu axtarırdınsa, səsi ən ön xətdən gəlirdi. Ya da gecənin hansı saatı olmasına baxmayaraq qərargahdakı otağının işığı yanırdı. Reallıqla danışsaq, adətən, bütün şəxsi heyət öz komandirindən, rəisindən qorxub çəkinir. Amma onun komandanlığı altında olan bütün zabit, gizir, çavuş və əsgər heyəti onu sevirdi. Ona sayğı göstərir, bütün əmrlərini böyük həvəslə yerinə yetirirdilər. Raqub bu sevgini çox qısa müddət ərzində qazanmışdı. Yaxşı yadımdadır. 

Bir gün dostlarımla ona kəşfiyyatçılar haqqında film çəkmək istədiyimizi dedik. Film 1997-ci ilin aprelində baş vermiş bir qəhrəmanlıq hekayəsindən bəhs edirdi. 

Və həmin əməliyyatda şəhid olan komandirin biri Raqubun kursant yoldaşı idi. Komandir ssenariylə tanış olan kimi gülərüzlə, fərəh hissi ilə bizə necə lazımdır kömək edəcəyinə söz verdi. Onun sayəsində illərdi çəkib başa gətirə bilmədiyimiz filmi çəkib tamamladıq. Artıq filmdə montaj işləri apararkən böyük həvəslə zəng edib işlərin nə yerdə olduğunu soruşurdu. Daha sonra elə ilk izləyicimiz də ölməz komandirin özü oldu. 

Çoxları sağkən onun kim olduğunu, nələr etdiyini bilmirdi. Anlamırdılar ki, gündüzlər gülərüz gördükləri insan gecələri düşmən arxasında olur. Verilmiş döyüş tapşırığını bilavasitə özü də əsgərləri ilə birgə yerinə yetirir. Düşmənə nifrəti vətənə olan sevgisindən dəfələrlə çox idi. Sonralar bildim ki, komandirin anası Ağdamın Cinli kəndində (Komandirin dogma kəndində) şəhid olub. Hələ bundan başqa o dayısını da döyüş meydanında itirib. Bəlkədə düşmənə qarşı amansız olmağının bir səbəbi də bunlar idi. Amma bəlkə də yox… Çünki hər onu dinləyəndə anlamaq olardı ki, komandir düşmən tərəfindən qətlə yetirilən hər bir soydaşını özünə ana-bacı, əmi-dayı bilirdi. Onu xoşbəxt edib, sevindirəcək ən xoş xəbər döyüş əmriydi. O da verildi… 

Və mən əminəm ki, ölməz komandir Talış istiqamətində qoşulduğu döyüş əməliyyatına məmnunluqla və böyük həvəslə, sevə-sevə qoşulmuşdu. Əmin olun ki, o həmin əməliyyatda düşmənə elə sarsıdıcı zərbələr vurub ki, nə qədər ki, murdar ermənistan ordusu var, hər onun adını eşidib şəklinə rast gələndə canlarına qorxu düşəcək. Yaxşı xatırlayıram, komandirin cənazəsi Gəncə şəhərindən böyük insan izdihamının müşayiətiylə yaşadığı Sumqayıt şəhərinə yollandı. 

Türk ordusunda məşhur bir deyim var: "Bir ölüm min dirilişdir”

Həqiqətən də o öz ölümü ilə də bütün dünyaya Azərbaycan gənclərinin vətənpərvərliyini nümayış etdirdi. Minlərlə insan onun gəldiyi yollara düzüldü. Gül-çiçək dəstəsilə qarşıladı ölməz komandirinin cənazəsini. Ermənipərəst qüvvələr Raqub Orucovun dəfni zamanı çəkilmiş vedokadrlara baxdıqdan sonra bir daha anladı ki, Azərbaycan xalqı öz ordusunun arxasında, komandirinin, əsgərinin yanındadır. 

Artıq həmin hadisədən bir il ötüb. Düz bir ildir ki, xalq öz qəhrəmanının doğuluşundan danışır. Hər kəsin dilində onun döyüş meydanında elədiyi igidlik hekayələri dolanır. Kimisi onun dəfələrlə, kilometrlərlə düşmən arxasına keçib düşmənin hərbi təlimlərində və hərbi hissəsində apardığı çəklişdən… Kimisi onun son döyüşündə düşməni necə məhv etməsindən və başqa qəhrəmanlıqlarından danışırlar. Artıq hər kəsin bir xalq qəhrəmanı var "Murov Qartalı” ləqəbli Raqub Orucov… 

Hələ onun haqqında indi danışılması mümkün olmayan çox şeylər danışılacaq. Hələ Raqub Orucov zirvəsi tam görünmür. Görünənsə o zirvənin əlçatmaz olmasıdır. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ