Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək.
Bunu "The Telegraph" qəzeti dərc edib.
Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərindən olan Naycel Farajın qurduğu partiyaya bu vəsaiti "BitMEX" kriptovalyuta platformasının həmtəsisçisi, iş adamı Ben Delo təqdim edəcək.
Sözügedən məbləğ 2023-cü ildə lord Con Seynsberinin vəsiyyəti ilə Mühafizəkarlar Partiyasına verilmiş 10 milyon funt sterlinqlik əvvəlki rekordu xeyli geridə qoyur. İndiyə qədər fəaliyyət göstərən biznesmen tərəfindən edilən ən böyük yardımı isə 2025-ci ildə sahibkar Kristofer Harbornun "Reform UK" partiyasına verdiyi 9 milyon funt sterlinq təşkil edirdi.
Sahibkar deyib ki, bu addımı "Reform UK" partiyasının ənənəvi siyasi güclərlə eyni səviyyədə mübarizə apara bilməsi üçün atıb. Maliyyə yardımı 2029-cu il parlament seçkilərinə qədər hər ay 1 milyon funt sterlinq olmaqla hissə-hissə ödəniləcək. Bununla belə, hökumətin maliyyələşmənin qarşısını almaq cəhdlərini əvvəlcədən neytrallaşdırmaq məqsədilə o, artıq bütün məbləği partiyanın hesabına köçürüb.








