RU
Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub
16:28
47

Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Çexiyanın Kralovski Krayının Sokolov şəhərində milli azlıqların mədəniyyətlərinə həsr olunmuş festival keçirilib.

Sokolov şəhərinin və Kralovski Kray Magistratının təşkilati və təşviqi dəstəyi ilə keçirilən festivalda Ukrayna, Rusiya, Monqolustan, Gürcüstan, Qazaxıstan, Azərbaycan, Vyetnam, Çin, Portuqaliya, Serbiya, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi Çexiyada yaşayan müxtəlif milli icmaların öz mədəniyyətlərini, milli adət-ənənələrini, musiqi və rəqslərini, eləcə də milli mətbəx nümunələrini təqdim etməsinə şərait yaratmaq olub.

Azərbaycan festivalda Land of Fire cəmiyyətinin təsisçisi, Azərbaycan diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev və Samir Varisoğlu Məcidov tərəfindən təmsil olunub.

Azərbaycanın festivalda iştirakı Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Land of Fire cəmiyyəti tərəfindən təşkil edilib.

Festival çərçivəsində Azərbaycan milli geyimləri nümayiş etdirilib, milli mətbəximizin müxtəlif nümunələri iştirakçılara təqdim olunub. Qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadmaqla yanaşı, ölkəmizin milli-mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbirin səhnə proqramında Azərbaycan musiqisi və milli rəqsləri də təqdim olunub. Gülər Abdullayeva Archer iştirakı ilə Azərbaycanın üç mahnısı ifa edilib, daha sonra üç milli rəqsimiz nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyətinin səhnə çıxışı üçün nəzərdə tutulan vaxt 14:15-dən 14:45-dək olsa da, böyük maraq nəzərə alınaraq Azərbaycan proqramı genişləndirilib və səhnədə ümumilikdə təxminən 55 dəqiqəlik proqram təqdim olunub.

Proqramın sonunda Çexiyanın müxtəlif şəhərlərindən festivala qatılan 20–25-ə yaxın azərbaycanlının iştirakı ilə milli yallı rəqsi nümayiş etdirilib. Yallıya Kralovski Kray Magistratının əməkdaşları, eləcə də digər xarici qonaqlar da qoşulublar. Bu, festivalın ən yaddaqalan və izdihamlı anlarından biri olub.

Festival çərçivəsində Azərbaycan–Çexiya dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə verən xüsusi mərasim də keçirilib. Land of Fire cəmiyyətinin təsisçisi Fərid Əmirəliyev tərəfindən festivalın təşkilatçısı və Kralovski Kray Magistratının rəhbərinin müavininə Azərbaycan milli geyimi hədiyyə olunub.

Bundan əlavə, tədbirdə iştirak edən rəsmi və xüsusi qonaqlara Azərbaycanı və onun zəngin mədəni irsini əks etdirən suvenirlər təqdim edilib.

Festival iştirakçıları Azərbaycan təqdimatına böyük maraq göstəriblər. Milli geyimlər, Azərbaycan mətbəxi, musiqisi və rəqsləri tədbirə qatılan yerli sakinlər və müxtəlif ölkələrin nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.

Sokolovda keçirilən Milli Azlıqlar Festivalı müxtəlif xalqların mədəniyyətlərinin bir araya gətirilməsi, qarşılıqlı hörmət və anlaşmanın təşviqi, eləcə də Çexiyada yaşayan milli icmalar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Azərbaycan nümayəndə heyətinin festivalda fəal iştirakı ölkəmizin zəngin milli-mədəni irsinin Çexiya ictimaiyyətinə və digər milli icmaların nümayəndələrinə tanıdılması baxımından əhəmiyyətli olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ