Böyük Britaniya həkimləri tərəfindən dünyada ilk dəfə olaraq beyin şişinin kəsilib götürülməsi zamanı cərraha dəstək məqsədilə real vaxt rejimində süni intellekt (Sİ) texnologiyasından istifadə olunub.
Bu barədə London Universitet Kolleci Xəstəxanasının yaydığı məlumatda qeyd edilib.
Cərrahi müdaxilə Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında baş tutub. 48 yaşlı Ris Hibbert süni intellektin tətbiqi ilə əməliyyat olunan ilk pasiyent kimi tarixə düşüb. Bu tibbi müdaxilə edilməsəydi, mövcud şiş xəstənin tamamilə kor olmasına gətirib çıxara bilərdi.
Əməliyyat prosesində Sİ kameradan alınan video görüntüləri anında təhlil edərək, beyin əsasında sinirlərin və qan damarlarının bir-birinə çox yaxın yerləşdiyi həssas strukturları işıqlandırıb. Bu sistem şişin xaric edilməsi zamanı mütəxəssislərə təhlükəli nahiyələrdən yan keçməyə kömək edib.
Yenilikçi sistem London Universitet Kollecinin mütəxəssisləri tərəfindən Milli Səhiyyə İnstitutu və "Google" şirkətinin dəstəyi ilə ərsəyə gətirilib.
Görmə qabiliyyətini itirdiyi üçün əməliyyatdan öncə yalnız əsa vasitəsilə hərəkət edə bilən pasiyent cərrahi müdaxilədən cəmi bir həftə sonra sərbəst şəkildə gəzməyə başlayıb.









