"Amazon” şirkətində çalışdığını bildirən şəxs qanunsuz şəkildə işdən azad edildiyini iddia edərək məhkəməyə müraciət etməyə hazırlaşır.
Şikayətçi Səxavət Kəlbəcərlinin sözlərinə görə, artıq 1 il 6 aydır işsizdir. O, işdən azad edilməsinin qanunsuz olduğunu bildirir və hüquqlarının məhkəmə yolu ilə müdafiəsi üçün vəkil tutduğunu açıqlayıb.
Şəxs məhkəmədə işsiz qaldığı 1 il 6 aylıq dövr üçün əməkhaqqının, həmçinin qanunsuz işdən çıxarılma nəticəsində yarandığını hesab etdiyi digər maddi zərərlərin ödənilməsini tələb edəcəyini bildirib.
İddiaçı xüsusilə qeyd edir ki, əməkhaqqından məhrum olduğu müddətdə kredit ödənişlərini vaxtında həyata keçirə bilməyib və nəticədə kredit borclarının üzərinə faizlər hesablanıb. O, həmin faizlərin də qanunvericiliyə uyğun olaraq qarşı tərəfdən tutulmasını tələb etməyi planlaşdırır.
"Haqqımı qanuni yolla tələb edəcəyəm və bu məsələnin sonuna qədər gedəcəyəm”, – deyə şikayətçi bildirib.
Qeyd edək ki, bəzi iddialarda "Amazon” şirkətinin deputat Anar Məmmədova məxsus olduğu bildirilir. Lakin bu məlumatı müstəqil şəkildə təsdiqləyən rəsmi sənəd və ya mötəbər açıqlama təqdim edilməyib. Bu səbəbdən sözügedən məlumatı yalnız iddia kimi təqdim edirik.
Məhkəməyə müraciət ediləcəyi təqdirdə işdən azad edilmənin qanuniliyi, əməkhaqqı tələbi və digər maddi zərərlərin yaranması məhkəmə tərəfindən araşdırılacaq. Qarşı tərəfin mövqeyi məlum olduqda onu da dərc etməyə hazırıq.
7NEWS.az








