RU
Diaspor fəalımızdan Ermənistan Prezidentinə çətin sual: MİNA XƏRİTƏLƏRİ NİYƏ TAM VERİLMİR?
11:00
63

Diaspor fəalımızdan Ermənistan Prezidentinə çətin sual: MİNA XƏRİTƏLƏRİ NİYƏ TAM VERİLMİR?


7NEWS.az xəbər verir ki, bu gün Çexiyanın paytaxtı Praqada yerləşən CEVRO Universitetində Ermənistan Respublikasının Prezidenti Vahagn Xachaturyan ilə açıq görüş keçirilib. Görüş Prague Centre for Transatlantic Relations tərəfindən təşkil olunub və tədbirə siyasətçilər, tələbələr, akademiklər, ictimaiyyət nümayəndələri və digər iştirakçılar qatılıblar. 

Görüşdə Azərbaycan diasporunun nümayəndəsi, Land of Fire cəmiyyətinin təsisçiai və Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev də iştirak edib.

Ermənistan Prezidenti çıxışı zamanı Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri, Qarabağda baş vermiş hadisələr və 2020-ci il müharibəsi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşması, həmçinin Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya arasında regional əməkdaşlıq imkanlarından danışıb.

Prezident çıxışını başa vurduqdan sonra tədbirin moderatoru Tomáš Pojar tərəfindən ona müxtəlif məsələlərlə bağlı suallar ünvanlanıb və Prezident həmin sualları cavablandırıb. 

Bu mərhələdə tədbir iştirakçılarına ayrıca sual vermək imkanı nəzərdə tutulmayıb. Buna baxmayaraq, görüşün sonunda Azərbaycan diasporunun nümayəndəsi Fərid Əmirəliyev Prezidentə müraciət edərək onu dinləməsini və Azərbaycan üçün mühüm olan bir məsələ ilə bağlı sualını cavablandırmasını xahiş edib.

Fərid Əmirəliyev Prezidentin diqqətini özünə cəlb edərək nəzakətli və mədəni şəkildə söz istəyib. Prezident onun müraciətini qəbul etdikdən sonra Azərbaycan ərazilərindəki mina problemi ilə bağlı sual səsləndirilib.

Fərid Əmirəliyevin Ermənistan Prezidentinə ünvanladığı sual:

"Cənab Prezident, mənim sualım Azərbaycan ərazilərindəki mina problemi ilə bağlıdır.

Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir və biz bu sülhün davamlı olmasını istəyirik. Təəssüf ki, mina problemi Azərbaycan vətəndaşlarının həyatına və təhlükəsizliyinə ciddi təsir göstərməkdə davam edir. Bu gün də insanlar minaların partlaması nəticəsində xəsarət alır və həyatını itirirlər.

Ermənistan tərəfindən Azərbaycana təqdim edilmiş mina xəritələrinin qeyri-dəqiq və natamam olduğu barədə məlumatlar var.

Mənim sualım çox konkretdir: Ermənistan hökuməti Azərbaycan ərazisində minalanmış sahələrin tam və dəqiq xəritələrini Azərbaycana nə zaman təqdim edəcək?

Ermənistan hökumətinin bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə izah etməyinizi xahiş edirəm.”

Ermənistan Prezidenti Vahagn Khachaturyan cavabında bildirib ki, Azərbaycan tərəfindən tələb olunduğu təqdirdə Ermənistanın əlində olan mina xəritələri, məlumatlar və digər materiallar Azərbaycan tərəfinə təqdim olunub.

Prezident həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkinü düşmüş təxminən 4 min azərbaycanlının taleyi ilə bağlı Ermənistanın əlində olan məlumatların da Azərbaycan tərəfinə təqdim edildiyini bildirib.

Lakin Prezidentin cavabında diqqətçəkən məqam ondan ibarət olub ki, ona ünvanlanan əsas və konkret suala — Ermənistanın Azərbaycan ərazilərindəki minalanmış sahələrin tam və dəqiq xəritələrini nə zaman təqdim edəcəyi sualına — konkret cavab verilməyib.

Khachaturyan sualın konkret məğzindən mümkün qədər uzaqlaşaraq Ermənistanın artıq əlində olan məlumatların təqdim edildiyini vurğulayıb. Başqa sözlə, sualda tələb olunan konkret zaman çərçivəsi, öhdəlik və ya tarix açıqlanmayıb.

Prezident çıxışının sonunda mina probleminin tezliklə həll olunacağına və Azərbaycanla Ermənistan arasında sülhün daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Bu cavab zalda iştirak edənlərin də diqqətini çəkib. Çünki verilən sual konkret olaraq "nə zaman?” sualı idi, Prezidentin cavabı isə bu suala konkret tarix və ya müddət təqdim etməyib.

Prezident Fərid Əmirəliyevi əl sıxaraq təbrik etdi

Görüş başa çatdıqdan sonra Ermənistan Prezidenti Vahagn Khachaturyan Fərid Əmirəliyevə yaxınlaşıb. Prezident onun əlini sıxaraq, zalda belə bir sualı ünvanlamaqda göstərdiyi cəsarətə görə onu təbrik edib.

Bundan sonra Ermənistan Prezidenti zalı tərk edib.

İştirakçılar Azərbaycan diasporunun nümayəndəsinə yaxınlaşaraq onun Ermənistan Prezidentinə ünvanladığı suala və məsələnin açıq şəkildə gündəmə gətirilməsinə görə təbriklərini çatdırıblar.

Əmirəliyevin sözlərinə görə, bir sıra iştirakçılar onunla ayrıca söhbət edərək mina problemi, Azərbaycan-Ermənistan münasibətləri və regionda sülh prosesinin gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan diasporunun nümayəndəsi bildirib ki, onun üçün əsas məqsəd siyasi qarşıdurma yaratmaq deyil, Azərbaycan vətəndaşlarının həyatına bu gün də təhlükə yaradan mina problemini beynəlxalq auditoriyanın və Ermənistan rəhbərliyinin qarşısında açıq şəkildə gündəmə gətirməkdir.

"Sülh yalnız siyasi bəyanatlarla deyil, insanların təhlükəsizliyinin təmin olunması ilə də ölçülür. Azərbaycan ərazilərindəki minalar bu gün də insanların həyatına təhlükə yaradır. Ona görə də belə bir platformada bu məsələni Ermənistan Prezidentinin qarşısında səsləndirməyi vacib hesab etdim”, – deyə Fərid Əmirəliyev bildirib.
 
 

 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ