RU
Dünyada hər 7 nəfərdən birini gözləyən bəla AZƏRBAYCANDA
14:07
1431

Dünyada hər 7 nəfərdən birini gözləyən bəla AZƏRBAYCANDA

Ölümə yol açan "yaz şoku” .

Yazın gəlişi özü ilə aktual br problemi- allergiyanı da gətirib. Məhz fəsil dəyişikliyi ilə əlaqədar olaraq yaranan allergiya yaz aylarında bir çoxlarının kabusuna çevrilir və ən müxtəlif yaş qruplarından olan insanlar üçün təhlükə yaradır. Allergiya ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi cavab reaksiyasıdır.

Rəsmi məlumatlara görə planetdə hər 7 nəfərdən birində allergiya var. Hər insanın bədənində İgE adlanan antitel istehsal olunur. Antitelin vəzifəsi orqanizmə soxulan yad cisimləri neytrallaşdırmaqdır. Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni, allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.Allergik olmayan insanlarda isə immunoqlobulin G (İgG), ya da immunoqlobulin M (İgM) kimi başqa antitellər istehsal edilir. İgG və ya İgM insanlardakı allergik reaksiyalarda rol oynamır, əksinə, allergiyadan qoruyurlar. Mast adlanan hüceyrələrin səthinə yapışıb gözləyən hər allergenə məxsus İgE molekulları gözləmə mövqeyindədir. Antigen hüceyrələrin səthindəki İgE molekullarına bağlanınca bu hüceyrələr aktivləşir və bir sıra kimyəvi maddə ifraz edir. Bu maddələr də allergik reaksiyalara gətirib çıxarırlar.

Hər mast hüceyrəsinin içində allergiyaya gətirib çıxaran otuzdan çox maddə daşıyan 500-1500 dənəcik var. Bu maddələrin töküldüyü yer allergik reaksiyaların yerini müəyyən edir. Məsələn, mast hüceyrələri ağciyərlərdə aktivdirsə, sərbəst qalan maddələr bronxları daraldaraq təngnəfəslik, xırıltı və öskürək yaradırlar. Bu maddələrin ən məşhuru histamindir. Histamin dəridə ortaya çıxdıqda qaşıntı, ağciyərlərdə ortaya çıxdıqda bronx daralması, bütün bədəndə ortaya çıxdıqda ölümə yol açan allergiya şoku yaradır. Ən çox allergiya qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozuna qarşı yaranır. Bu 3 allergiya mənbəyi kütləvi müşahidə olunur. Ancaq fərdi qaydada bəzi insanların allergik reaksiya verdikləri hallar da olur ki, bu sıraya bəzən çox qeyri-adi şeylər də daxil edilir. Məsələn, kimisi yuna, kimisi də qənd xırçıltısına allergik reaksiya göstərə bilər. Ətriyyat, xüsusilə, antibiotuk dərmanlardan allergiya yaranması hallarında da çox rast gəlinir. Dəridən, tənəffüs və qida yolları vasitəsilə orqanizmə keçən allergenlər həmin maddəyə yüksək həssaslıq nəticəsində təsirini göstərir. 

Ən çox ağaclardan qorunun

Allergik xəstəliklərdən daha çox pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası yayılıb. Yaz aylarında bunlardan ən çox rast gəlinəni isə pollinoz bitki tozu allergiyasıdır. Pollinoz bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli allergiya deyilir və geniş yayılıb. Burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi əlamətlərlə özünü göstərir. 

Bronxial astma da...allergiyadır

Mövsümi allergiyadan fərqli olaraq allergik rinit ilboyu davam edir və onu əsasən ev tozu, kitab tozu, məişət gənəcikləri yaradır. Sifətin, burnun qaşınması, asqırma, burun tutulması və axmasında özünü göstərir. Bronxial astma da allergiyanın br növü hesab olunur. Lakin bronxial astmanın bütün növləri allergik xəstəlik deyil. Onun yalnız bir forması - atopik bronxial astma allergik bronxial astmadır. Törədiciləri bitki, məişət tozları, epidermal allergenlər, yəni, heyvan tükü, kəpəyi, yunu, təbii iqlim şəraiti, insanın işlədiyi və ya çox zaman keçridiyi mühitdir. Atopik bronxial astmanı törədən allergenlərdən uzaqlaşdıqda xəstəlik də yox olub gedir. Allergenlərlə təmas nəticəsində yaranan bütün allergik xəstəliklər üçün xarakterikdir.

Həkim xəbərdarlıq edir: Dərmandan gələn ölüm

Mütəxəssislər bildirir ki, allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilib. Dərman allergiyası dəridə səpki və qızarma ilə başlayır və hətta ölümə qədər apara bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbulu, orqanizmdəki digər xəstəliklər nəzərə alınmadan dərman istifadəsi zamanı baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə istənilən dərman preparatı, hətta antihistamin dərmanların özü də allergik reaksiyaya səbəb ola bilər. Peyvənd, zərdab, antibiotiklər, hormonlari, fermentlər, B qrup vitaminlər, anestetiklər, rentgen-kontrast preparatları tez-tez allergiyaya səbəb olurlar. Antibiotiklər, məsələn, penisillin daha çox allergik fəsadlar verir:”Dərmanlardan allergiya ilə bağlı müraciətlər çox olur. Xüsusilə, payız-qış fəslində mövsümi xəstəliklərin yayılması zamanı antibiotiklərdən düzgün olmayan istifadə halları allergiya yarada bilər. Heç bir vəchlə həkim təyinatı olmadan xüsusilə, antibotik qəbul edilməməlidir. Mütləq halda dərman təyinatı zamanı orqanzimdəki digər xəstəliklər barədə həkim məlumatlandırılmalıdır. Özbaşına dərman qəbulu şok effekti yarada və hətta ölümə apara bilər”. 

Allergiya yaradan soya Azərbaycanda da əkiləcək 

Təhlükəli vəziyyətdən biri də qida allergiyası zamanı yaranır. Bu vəziyyətə daha çox meyvə-tərəvəzin bol olduğu yay aylarında rast gəlinir. Qida allergiyası olan insanların menyudan həmin məhsullar tamamlə çıxartmalıdırlar. Başqa sözlə desək, hipoallergen pəhrizə riayət olunmalıdır. Bu qidaların arasında:balıqların əksəriyyəti, dəniz məhsulları, balıq kürüsü, süd, pendirlər, yumurta, hisə verilmiş qidalar (kolbasa, sosiska, balıq, ət), konservləşdirilmiş və marinada qoyulmuş qidalar (xüsusən, dükanlarda satılan), sirkə, mayonez, ədviyyatlar, qırmızı rəngdə olan bütün tərəvəzlər - pomidorlar, kök, qırmızı bibər, çuğundur, badımcan, duza qoyulmuş kələm, turşəng, kərövüz, bütün sitrus meyvələri, qırmızı və narıncı rəngdə olan meyvə və giləmeyvələr: ananas, yemiş, qırmızı alma, çiyələk, albalı, üzüm, xurma, nar, qavalı və s. qoz-fındıq, bal, əncir, ərik qurusu, bütün göbələklər, şokolad, qəhvə, kakao, bütün spirtli içkilər, qazlı sular ola bilər. Digər tərəfdən iki müxtəlif yeməyin eyni zamanda qəbulu allergiya yarada bilər. Məsələn, el arasında deyildiyi kimi, bal və yemişin eyni gündə yeyilməsi təhlükəli vəziyyət yaradır. Yaxud Azərbaycanda da daha çox əkilməsi nəzərdə tutulan soya bitkisi allergiya yaradan bitkilər siyahısındadır. Buna görə də qida mütəxəssislər bişmiş yağsız mal və toyuq əti, qara ciyər, süd məhsulları, göyərti və tərəvəzlər, zeytun, günəbaxan, kərə yağları yeməyi tövsiyə edirlər. 
 

Stress allergiya yaradır

Maraqlıdır ki, bəzi psixoloqlar allergiyaya təkcə xəstəlik kimi baxılmasına qarşı çıxaraq onu  səbəbsiz qorxu adlandırırlar. Onların fikrincə, immunitet ancaq orqanizmin düşmənlərinə, virus və bakteriyalara qarşı mübarizə aparmalıdır. Amma immun sistemi zəif olarsa, o zaman müqavimət təkcə düşmənlərə qarşı yox, həm də dostlara qarşı yönəlir. Buna isə əsasən stress və əsəb səbəb olur. Stress immum sistemi zəiflədir və orqanizmdə fəsadlara yol açır. Stresə qarşı reaksiya tez-tez allergiyaya səbəb olur. 

Necə qorunaq?

Allergiya ilk olaraq burnun axması, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması və qaşınması, başağrısı, nəfəs almaqda çətinlik, təngnəfəslikdə özünü göstərir. Xüsusilə də səhər yuxudan qalxdıqda asqırma çox olur. Mütəxəssislər bildirirlər ki. allergiyanın yaranmasının qarşısını almaq üçün ən yaxşı üsul allergenlə təmasdan yayınmaqdır. Yəni, əgər sizdə mövsümi allergiya varsa, yazın ilk ayında ağaclar tozlandığı zaman meşədən uzaq olmaq lazımdır. Bitkilər içərisində ən güclü allergen yabanı bitki olan ambroziya, biizm ətirşah kimi tanıdığımız bitkidir. Onu evdə saxlamaq bəzilərində allergik reaksiyaya səbəb ola bilir. Allergiyası olan insanlar evə qayıtdığı zaman ilk növbədə burun dəliklərini su ilə yumalıdır. Ancaq ən təsirli üsul hələ də allergiya yaradan ortam və ya məhsullardan uzaq durmaqdır.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ