Əfqanıstan sanksiyaların aradan qaldırılmasına və dondurulmuş aktivlərin geri qaytarılmasına nail olmaq məqsədilə öz mineral ehtiyatlarına çıxış imkanını ABŞ-yə təklif edib.
Oxu.Az-ın "Financial Times" (FT) nəşrinə istinadən verdiyi məlumata görə, bu təşəbbüslə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi çıxış edib.
ABŞ ilə əlaqələrə dair verilən sualı cavablandırarkən nazir qeyd edib ki, Əfqanıstan mədən sənayesi, infrastruktur layihələri, kənd təsərrüfatı və ticarət kimi sahələrə ABŞ investisiyalarının yatırılmasını birmənalı şəkildə dəstəkləyir.
"Əfqanıstan və ABŞ arasındakı münasibətlərə son 20 illik müharibə prizmasından deyil, gələcək əməkdaşlıq perspektivləri əsasında qiymət verilməlidir. Bizim iqtisadi siyasətimiz tamamilə açıqdır", - deyə Əfqanıstanın XİN rəhbəri vurğulayıb.
Nəşrin məlumatına əsasən, aparılmış geoloji tədqiqatlar Əfqanıstanın ən azı bir trilyon dollar dəyərində faydalı qazıntı ehtiyatlarına malik olduğunu göstərir. Qəzetin yazdığına görə, onilliklər boyu davam edən münaqişələr səbəbindən böyük mis, dəmir filizi, niobium, kobalt, qızıl və litium yataqları hələ də əhəmiyyətli dərəcədə işlənilməmiş qalır.








