Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, aprelin 18-də "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə açıq qapı günü elan edir.
Sabah Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi "Müqəddəs əmanətlər" ekspozisiyası, habelə "Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər. Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arzu edən hər kəsi tarixi irsimizlə yaxından tanış olmağa dəvət edir.
7News.az








