RU
Əngəlləri deyil, insanlığı danışan bir əsər –
20:58
17

Əngəlləri deyil, insanlığı danışan bir əsər – "Səssiz Ümid"


Bəzi əsərlər sadəcə yazılmır – onlar yaşanır. Elə əsərlər var ki, ilk sətirlərindən etibarən insanı düşünməyə vadar edir, qəlbinin ən həssas tellərinə toxunur və onu vicdanı ilə üz-üzə qoyur. "Səssiz Ümid" məhz belə bir əsərdir. Bu, yalnız fiziki məhdudiyyətli bir uşağın həyat hekayəsi deyil. Bu, insanın həyata, sevgiyə, ümidə və öz arzularına olan sonsuz inamının bədii təcəssümüdür.

İnklüziv cəmiyyət ideyalarını, bərabərliyi, mərhəməti və insan ləyaqətini yüksək bədii dillə əks etdirən "Səssiz Ümid" adlı tammetrajlı bədii film ssenarisi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınaraq müəllif hüquqları ilə qorunmağa başlanmışdır. Bu hadisə yalnız müəllif əməyinin hüquqi təsdiqi deyil, həm də cəmiyyətə ünvanlanan böyük mənəvi mesajın dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir.

Bu əsər bizə bir həqiqəti xatırladır: əsl əngəl insanın bədənində deyil, düşüncələrdədir. Fiziki məhdudiyyət heç vaxt insanın arzularını, istedadını və həyata bağlılığını əlindən ala bilməz. İnsan yalnız sevgidən, anlayışdan və dəstəkdən məhrum olduqda özünü həqiqətən tənha hiss edir. "Səssiz Ümid" məhz bu səssiz ağrıları dilə gətirir, eşidilməyən səsləri eşitdirir və görünməyən hissləri görünən edir.

Əsərin qəhrəmanı bir uşaqdır. Ancaq əslində o, taleyin ağır sınaqları ilə üzləşən, hər gün cəmiyyətin önyarğıları ilə mübarizə aparan minlərlə insanın ümumiləşdirilmiş obrazıdır. O, bizə öyrədir ki, insanı böyük edən onun fiziki imkanları deyil, qəlbinin böyüklüyü, iradəsinin gücü və ümidindən heç vaxt vaz keçməməsidir.

"İstedad əngəl tanımır." Bu fikir əsərin əsas qayəsini təşkil edir. Çünki hər bir insanın daxilində kəşf olunmağı gözləyən bir dünya, cəmiyyətə bəxş edəcəyi bir istedad və həyata qatacağı bir dəyər var. Lazım olan yalnız inanmaq, dəstək olmaq və hər kəs üçün bərabər imkan yaratmaqdır.

Bu mənəvi dəyər daşıyan ekran əsərinin müəllifləri – tanınmış kinorejissor, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin Fəxri üzvü Amil Əli (Amil Əli oğlu İsgəndərov) və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin icraçı direktoru Hüseynov Kamil Azər oğlu – təkcə bir film ssenarisi ərsəyə gətirməyiblər. Onlar insan vicdanına ünvanlanan, mərhəmət hissini oyadan və cəmiyyətə humanizm çağırışı edən mənəvi bir irs yaradıblar.

Müəlliflərin həyata baxışı, insan taleyinə həssas münasibəti və yüksək mənəvi dəyərlərə bağlılığı əsərin hər sətrində hiss olunur. Onlar göstərirlər ki, sənətin ən ali missiyası yalnız hekayə danışmaq deyil, insanı düşündürmək, onu daha həssas, daha mərhəmətli və daha məsuliyyətli olmağa sövq etməkdir.

Xüsusilə Hüseynov Kamil Azər oğlu uzun illərdir humanizmə, xeyirxahlığa və insan həyatının qorunmasına xidmət edən layihələrin həyata keçirilməsində fəal iştirak edir. Onun fəaliyyəti insanlara ümid vermək, cəmiyyətdə mərhəmət və həmrəylik hissini gücləndirmək kimi ali dəyərlərə söykənir. Bu humanist baxış "Səssiz Ümid" əsərinin ruhunda da aydın şəkildə hiss olunur.

Amil Əli isə həssas qələmi, güclü bədii təfəkkürü və insan ruhunu dərindən duymaq bacarığı ilə cəmiyyətin ən həssas mövzularını sənətin dili ilə ifadə edən yaradıcı şəxsiyyətlərdəndir. Onun yaratdığı obrazlar təkcə izlənilmir, hiss olunur; söylədiyi fikirlər təkcə eşidilmir, insanların qəlbində uzun müddət yaşayır.

İnanırıq ki, yaxın zamanda tamaşaçılara təqdim olunacaq "Səssiz Ümid" yalnız uğurlu bir ekran əsəri kimi deyil, həm də insanları düşündürən, kövrəldən, fərqliliklərə sevgi və anlayışla yanaşmağa çağıran mühüm mədəni hadisə kimi yadda qalacaq. Çünki bəzən bir film insanların həyata baxışını dəyişə, bir cümlə isə bütöv bir ömrün istiqamətini müəyyən edə bilir.

"Səssiz Ümid" sadəcə bir film deyil. Bu əsər insanlığın aynasıdır. Burada hər birimiz öz vicdanımızı, mərhəmətimizi və həyata baxışımızı görürük. İnanıram ki, bu ekran əsəri minlərlə insanın qəlbində sevgi, anlayış və ümid işığı yandıracaq. Çünki cəmiyyəti dəyişən böyük sözlər deyil, böyük ürəklərdir.

Əgər bu əsər bir insanın belə düşüncəsini dəyişəcək, bir uşağa daha çox sevgi göstərilməsinə səbəb olacaqsa, deməli, o artıq öz missiyasını yerinə yetirmiş olacaq.

Qoy "Səssiz Ümid" hər birimizin qəlbində insanlığa, mərhəmətə və sevgiyə aparan yolu işıqlandırsın. Çünki Uca Allah insanları fərqli yaradıb ki, biz bir-birimizi daha yaxşı anlayaq, daha çox sevək və bir-birimizə dayaq olaq. Həqiqi böyüklük gücdə deyil, başqasının ağrısını öz ağrısı kimi hiss edə bilən ürəkdədir.

Dərin hörmət və sevgilərlə,
Fuad Rəsul
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ