RU
“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar
17:35
56

“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

Erkən nikah bir çox hallarda "ailə dəyəri”, "qızın gələcəyini təmin etmək” və ya sosial ənənələrlə əsaslandırılır. Lakin yetkinlik yaşına çatmadan qurulan evlilik uşağın təhsilindən və şəxsi inkişafından uzaqlaşmasına, sosial və psixoloji problemlərlə üzləşməsinə səbəb ola bilər.
Bəs erkən nikahın qarşısının alınması üçün ailə və cəmiyyət hansı məsuliyyəti daşıyır? Qanunvericilik bu hallara necə yanaşır və risklə üzləşən yeniyetmənin hansı müdafiə imkanları var?

Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov Elchi.az-ın suallarını cavablandırıb.

– Fariz müəllim, erkən nikah Azərbaycanda bu gün nə dərəcədə ciddi sosial problem olaraq qalır? Sizin hüquqi-sosial sahədəki fəaliyyətiniz zamanı bu problemlə bağlı hansı əsas tendensiyaları müşahidə edirsiniz?

– Erkən nikah fərdin psixi, mənəvi və bioloji inkişafına mənfi təsir göstərən, təhsildən uzaqlaşmasına və sosiallaşmasına mane olan ciddi sosial problemdir. Beynəlxalq statistikaya görə, hər il dünyada milyonlarla uşaq erkən nikaha cəlb olunur. Beynəlxalq səviyyədə erkən nikah uşaq hüquqlarının pozulması və uşaq istismarının formalarından biri kimi qiymətləndirilir və bunun qarşısının alınması istiqamətində tədbirlər görülür.
Erkən yaşda evləndirilən qızların zorakılıqla üzləşmə riski də daha yüksəkdir. Təhsildən və iqtisadi imkanlardan məhrum olmaq, tərəflər arasında yaş və güc fərqi, qadının qərarvermə imkanlarının məhdudlaşması erkən nikahların əsas risklərini formalaşdırır.

– Erkən nikahların xüsusilə regionlarda daha çox müzakirə olunmasının səbəbləri hansılardır? Burada ailə, sosial mühit və iqtisadi amillər hansı rolu oynayır?

– Evlilik şəxsin öz seçimi əsasında verdiyi qərar olmalıdır. Erkən evlilik isə bir çox hallarda uşağın bu seçim haqqının əlindən alınması deməkdir. Uşağın yaşına uyğun olmayan ailə, ev və uşaq baxımı kimi məsuliyyətlərlə erkən üz-üzə qalması onun şəxsi inkişafına və təhsilinə mənfi təsir göstərir.
Ailənin maddi vəziyyəti, valideyn təzyiqi, sosial mühit, ənənəvi yanaşmalar və gender stereotipləri də bu problemin yaranmasına təsir edən amillərdəndir. Xüsusilə qızların erkən evləndirilməsi onların gələcəkdə iqtisadi və sosial baxımdan həyat yoldaşından asılı vəziyyətə düşməsi riskini artırır.

– Azərbaycan qanunvericiliyində nikah yaşı ilə bağlı hansı tələblər var və yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsinə görə hansı hüquqi məsuliyyət nəzərdə tutulur?

– Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı 18 yaş müəyyən edilib. Bu yanaşma beynəlxalq uşaq hüquqları standartları ilə də uzlaşır. 18 yaşdan aşağı şəxslərin nikaha cəlb edilməsi uşağın fiziki, mənəvi və psixoloji baxımdan ailə və valideynlik məsuliyyətinə hazır olmadığı bir şəraitdə belə öhdəliklərlə üzləşməsi deməkdir. Bu səbəbdən erkən nikah məsələsinə yalnız ailə münasibəti kimi deyil, həm də uşağın hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələsi kimi yanaşmaq lazımdır.

– Yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha "öz razılığı ilə” daxil olması hüquqi baxımdan bu nikahı legitim edir? Bu məsələdə cəmiyyət hansı məqamı bilməlidir?

– Yetkinlik yaşına çatmayan şəxsin razılığı erkən nikahı hüquqi baxımdan legitimləşdirən əsas kimi qəbul edilə bilməz. Nikah hüququ Ailə Məcəlləsi ilə tənzimlənən hüquqi institutdur və burada yalnız tərəflərin razılığı deyil, onların nikah yaşına çatması və qanunvericiliyin digər tələblərinə əməl olunması əsas şərtlərdir.
Ailə Məcəlləsinin 11-ci maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin yazılı razılığı, nikah yaşına çatması və qanunvericilikdə nəzərdə tutulan digər tələblərə əməl edilməsi vacibdir. Qanunvericilikdə nikaha mane olan hallar da müəyyən edilib. Buraya müəyyən qohumluq münasibətləri, tərəflərdən birinin və ya hər ikisinin başqa şəxslə nikahda olması, tibbi müayinədən keçməmə və digər hallar daxildir.

– Erkən nikaha sövq edilən və ya belə bir risklə üzləşən yeniyetmə və onun ailəsi hansı hüquqi və sosial yardım imkanlarından istifadə edə bilər?

– Belə vəziyyətlə üzləşən yeniyetmə ilk növbədə etibar etdiyi böyüyə, məktəbin aidiyyəti şəxslərinə və müvafiq dövlət və sosial müdafiə qurumlarına müraciət edə bilər. Riskin olduğu hallarda məsələ gizlədilməməli və uşağın hüquqlarının müdafiəsi üçün aidiyyəti qurumlara məlumat verilməlidir. Burada əsas məqsəd yalnız baş vermiş nikaha reaksiya vermək deyil, riskin erkən müəyyənləşdirilməsi və uşağın təhlükəsizliyinin təmin edilməsidir. Ailə də belə hallarda uşağın mənafeyini, təhsilini, fiziki və psixoloji təhlükəsizliyini hər şeydən üstün tutmalıdır.

– Valideynlərin erkən nikahla bağlı mövqeyi nə dərəcədə həlledicidir? "Qızın gələcəyini təmin etmək” və "ailə dəyəridir” kimi arqumentlərə necə cavab vermək lazımdır?

– Valideynlərin mövqeyi bu məsələdə çox böyük əhəmiyyət daşıyır. "Qızın gələcəyini təmin etmək” və ya "ailə dəyəridir” kimi arqumentlər uşağın hüquqlarını və gələcək seçimlərini məhdudlaşdırmamalıdır. Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməli, onların istismarına, təhqir edilməsinə və mənəviyyatının alçaldılmasına yol verməməlidirlər. Uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də uşağın gələcəyini təmin etməyin yolu onun erkən evləndirilməsi deyil, təhsil almasına, inkişafına və öz gələcəyi ilə bağlı sərbəst qərar verməsinə şərait yaratmaqdır.

– Erkən nikahların qarşısının alınmasında maarifləndirmə kampaniyaları, media və QHT-lər hansı rolu oynaya bilər?

– Erkən nikahların qarşısının alınmasında maarifləndirmə mühüm vasitələrdən biridir. İnsanlara erkən nikahın hüquqi və sosial nəticələri, uşaqların hüquqları və bu halların yaratdığı risklər barədə düzgün və davamlı məlumat verilməlidir.
Bu istiqamətdə media və QHT-lər cəmiyyətin məlumatlandırılmasına, problemin görünən olmasına və ailələrdə düzgün yanaşmanın formalaşmasına mühüm töhfə verə bilərlər. Dövlət qurumları, vətəndaş cəmiyyəti və media arasında əməkdaşlığın gücləndirilməsi də bu işin effektivliyini artıra bilər.

– Problemin köklü həlli üçün dövlət, ailə, məktəb, QHT və media hansı istiqamətlərdə birgə fəaliyyət göstərməlidir? Sizcə, hazırda ən çox hansı addıma ehtiyac var?

– Əsas istiqamətlərdən biri erkən nikahların riskləri barədə uşaqların, valideynlərin və cəmiyyətin davamlı maarifləndirilməsidir. Bununla yanaşı, məktəblərin, QHT-lərin, yerli dövlət və özünüidarə orqanlarının imkanları əlaqələndirilməli, risk qrupları ilə sistemli iş aparılmalıdır.
Müasir ailə münasibətləri, uşaqların hüquqları və gender bərabərliyi ilə bağlı maarifləndirici fəaliyyət davamlı xarakter daşımalıdır. Eyni zamanda, problemin miqyasını və risklərini daha düzgün qiymətləndirmək üçün məlumat bazasının və əlaqələndirilmiş fəaliyyət mexanizmlərinin formalaşdırılması vacibdir.
Ən əsası isə uşağın mənafeyi bütün qərarların mərkəzində dayanmalıdır. Erkən nikahın qarşısının alınması yalnız bir qurumun deyil, ailənin, məktəbin, dövlətin, vətəndaş cəmiyyətinin və medianın ortaq məsuliyyətidir.

Müsahibə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən "Əvvəl bilik, sonra birlik” layihəsi çərçivəsində hazırlanıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ