7News.az xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun
icraçı direktoru Fərhad Hacıyev Bakı şəhərində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş "Kiber-mühitdə ekstremizmlə mübarizənin mədəniyyət aspektləri: Gənclərin zorakılığa aparan radikallaşma”sı panel
sessiyasında çıxış edib.
Paneldə, eyni zamanda, "İnformation for All Programme” proqramının
Hökumətlərarası şurasının sədri və Qrenadanın
YUNESKO yanında Daimi nümayəndəsinin müavini Çafika Haddad, Qahirə
Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, sabiq səfir, Misirin
YUNESKO yanında Daimi nümayəndəsi Mohamed Sameh Amr, Gənclərin məlumatlandırılması
və təlimi üzrə Afrika QHT-sinin Afrika Gənclər Şəbəkəsinin koordinatoru Daniel
Da Hien iştirak edib.
Fərhad Hacıyev çıxışında bildirmişdir ki
hal-hazırda texnoloji olaraq inkişaf etmiş dünyada internetin faydası və
xidmətləri ölçüyə gəlməzdir. Lakin, kiberməkan həmdə ekstremistlərə öz
ideologiyalarını asanlıqla yaymaq üçün onlara geniş platforma təqdim edir. Biz
bilirik ki, insanlar ekstremist olaraq doğulmurlar. Bu ideologiya müəyən
maraqlı qüvvələr tərəfindən gənclərə oyrədilir və təbliğ edilir. Nəzərə alsaq
ki dünyada internet istifadə edən insanların 90% gənclərdir, bu faktor
ekstremist qruplara öz sıralarına daha çox gənc cəlb etməyə imkan yaradır.
Bu problemin həllində Fərhad Hacıyev təhsilin
gücünü əsas amil kimi vurğulamışdır. O cümlədən gənclərin sosial həyatda daha
aktiv iştirakının təşviqi, asudə vaxtlarının səmərəli təşkili və ekstremizm və
radikalizmin fəsadlarına qarşı maarifləndirmə işlərinin aparılmasını zaruri
hesab etmişdir.
Fərhad Hacıyev bununla yanaşı, Azərbaycanın
"Gənclər ölkəsi” olduğunu və əhalinin 2/3 faizinin 35 yaşdan aşağı olduğunu
vurğuladı. "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun
icraçı direktoru olaraq vurğulamaq istərdim ki, bu cür həssas məsələlərdə
Gənclər Fondunun üzərinədə böyük öhtəliklər düşür. Son iki ildə Fond tərəfindən
elan olunan qrant müsabiqələrinə "dini radikallıq və ekstremizmə qarşı yönəlmiş
maarifləndirici tədbirlər” istiqaməti əlavə olunmuş və bu istiqamət üzrə
gənclər təşkilatları və gənclər tərəfindən 46 layihə həyata keçirilmişdir.
Ümumiyyətlə Gənclər Fondu bu günə gədər 3500-ə yaxın layihəyə maliyyə dəstəyi
göstərib. Əsas məqsəd isə, gənclərin sosial həyatda daha aktiv rol oynaması
üçün onlara şərait yaradmaqdır.”
F.Hacıyev çıxışının sonunda Azərbaycanın cooğrafi
olaraq müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsində yerləşdiyini qeyd
etmişdir. Tarix boyu etnik azlıqlar və müxtəlif dinlərdən olan insanlar ölkə
daxilində mehriban və heç bir ayrı-seçkiliklə üzləşmədən Azərbaycanda sığınacaq
tapmışdırlar. Bu ölkə özündə müxtəlif mədəniyyətləri birləşdirən və eyni
zamanda ümumi mədəni dəyərləri bölüşən multikulturalizm modelinə sahibdir.








