Fransa polisi bütün ölkə üzrə məktəblərin qarşısında keçirilən yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.
7News.Az BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şəxslərin təxminən üçdəiki hissəsi həbs edilib. Həbslər əsasən ictimai əmlaka ziyan vurulması və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarla əlaqədar həyata keçirilib. Saxlanılanların böyük hissəsi yetkinlik yaşına çatmayanlardan ibarətdir.
Nazir, həmçinin qeyd edib ki, iğtişaşlar zamanı 48 asayiş keşikçisi xəsarət alıb. O cümlədən, hüquq-mühafizə orqanlarının əməkdaşlarına xlorid turşusunun atılması ilə bağlı yeddi hal qeydə alınıb.
Paytaxt regionunda yuxarı sinif şagirdləri artıq bir həftədir ki, təhsil müəssisələrinin qarşısında nümayişlər keçirərək, həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər nöqsanlara qarşı çıxış edirlər. Bəzi hallarda etirazlar kütləvi iğtişaşlara çevrilərək yanğınlar və polislə qarşıdurmalarla müşayiət olunur.








