Fransada hakerlər Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin tabeliyində olan "Zero Logement Vacant" saytının məlumat bazasını sındırdıqlarını açıqlayıblar.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumat bazasında boş qalan yaşayış sahələri barədə məlumatlar yer alır və platforma yerli hakimiyyət orqanlarına həmin mənzilləri yenidən daşınmaz əmlak bazarına qaytarmağa kömək edir.
Agentliyin məlumatına görə, hücuma görə məsuliyyəti əvvəllər də Fransanın vergi xidmətinin məlumat bazasının sındırılması ilə əlaqədar mediada adı hallanan "ZeroBytes" haker qruplaşması üzərinə götürüb.
Hakerlər platformadakı təxminən 149 milyon xam məlumat qeydini əldə etdiklərini iddia edirlər. Bu məlumatlarda daşınmaz əmlak sahibləri və istifadəçi hesabları barədə informasiyaların olduğu bildirilir.
Fransanın Dövlət Maliyyələri Baş İdarəsinin (DGFiP) baş direktoru Ameli Verdye daha əvvəl avqust ayında dövlət məlumat bazalarından üç böyük məlumat sızmasının baş verdiyini açıqlamışdı.
Haker qruplaşmasında iki fransızın da iştirak etməsi ehtimal olunur. Lakin onlar fəaliyyətlərini Fransadan həyata keçirmədiklərini iddia edirlər.
Hakerlər AFP-yə bildiriblər ki, oğurladıqları məlumatları bir neçə min avroya iki nəfərə satıblar və məlumatların satışını davam etdirirlər. Onlar motivlərinin maddi qazanc əldə etmək olduğunu və fəaliyyətlərinin siyasi məqsəd daşımadığını bildiriblər.








