RU
Gözün buynuz qişasının transplantasiyası əməliyyatları uğurla icra olunub - FOTO
14:22
390

Gözün buynuz qişasının transplantasiyası əməliyyatları uğurla icra olunub - FOTO

Əməliyyatlar özəl tibb müəssisələri arasında ilk dəfə olaraq, Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həyata keçirilib. Mərkəzin Oftalmologiya şöbəsinin müdiri, oftalmoloq-cərrah, t.e.n. Xəlil Hüseynov tərəfindən 2019-cu il yanvarın 30-da iki pasiyentə gözün buynuz qişası uğurla transplantasiya olunub.

Toxumalar ABŞ-dan gətirilib və ilk mərhələdə təcili köçürülməyə ehtiyacı olanların əməliyyat olunması nəzərdə tutulub. Əməliyyat zamanı sağlam gözün buynuz qişasından kəsilib götürülmüş, diametri 6-9 millimetr dairəvi hissə resipiyentin (pasiyentin) sağlam olmayan buynuz qişasının əvəzinə köçürülüb.

Gözün buynuz qişasının transplantasiyası əməliyyatının icra prosesi kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Azərbaycanda gözün buynuz qişası ilə bağlı 3 minə qədər xəstənin əməliyyat gözlədiyini vurğulayan Xəlil Hüseynov onlardan artıq 300 nəfərinin Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət etdiyini bildirib:

"İnsanın bioloji ölümündən sonra 24 saat ərzində gözün buynuz qişası götürülə və 7 gün ərzində başqa insana köçürülə bilər. Bu əməliyyatlar bir çox hallarda anesteziyaya ehtiyac olmadan aparılır və təxminən 40 dəqiqə davam edir.

İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişiklik edilərsə, ölkəmizdə də gözün buynuz qişasının köçürülməsi əməliyyatı asanlaşacaq. Artıq vətəndaşlarımız bu əməliyyatın aparılmasına ehtiyac olduğu halda xarici ölkələrə üz tutmayacaqlar”.

Buynuz qişa gözün ən ön hissəsində yerləşən, işığı sındırmaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və sferik səthə malik olan toxumadır. Bu toxuma gözün ən qüvvətli işıq sındırma sahəsidir. Buynuz qişa işığı sındırma xüsusiyyəti sayəsində xaricdən gələn işığın torlu qişaya düşməsinə kömək edir. Buynuz qişa şəffaf və damarsız struktura malikdir.

Damarsız olmasına baxmayaraq, sinirlərin paylaşımı dəridən 300-400 dəfə daha sıxdır. Buynuz qişa göz yaşı və göz içi mayesindəki oksigen vasitəsilə qidalanır. Sinir lifləri sayəsində göz qırpma refleksi oyandırılır və buynuz qişa göz yaşı ilə hər zaman isladılaraq səthinin bütövlüyü qorunur. 

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası əməliyyatlarını aparmaq üçün ixtisaslaşmış bir neçə mütəxəssis var. Onlar müxtəlif ölkələrdə kurslar keçiblər və həmin ölkələrdəki göz qişası bankları ilə əlaqələri var.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ