İran Xarici İşlər Nazirliyi ABŞ-ın ötən gecə Lark adasına həyata keçirdiyi hücumla bağlı bəyanat yayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, nazirlik hücumu pisləyib və nəticədə bir neçə İran vətəndaşının öldüyünü və yaralandığını bildirib.
İran XİN-in bəyanatında qeyd olunub ki, Tehran özünümüdafiə hüququ çərçivəsində ABŞ-ın İordaniyada yerləşən hərbi bazalarına zərbələr endirib. Nazirlik həmin bazaların ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında istifadə edildiyini iddia edib.
XİN ABŞ-ın hərəkətlərinin BMT Nizamnaməsinə zidd olduğunu bəyan edərək, beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının və baş katibin məsuliyyətini xatırladıb.
Bəyanatda həmçinin Fars körfəzi və Hörmüz boğazında təhlükəsizlik vəziyyətinə toxunulub. İran tərəfi regionda gəmiçilik marşrutlarının təhlükəsizliyinin pozulmasına görə ABŞ və İsrailin hərbi fəaliyyətlərini məsul hesab etdiyini bildirib.
İran Xarici İşlər Nazirliyi sonda bəyan edib ki, ölkənin Silahlı Qüvvələri özünümüdafiə hüququndan istifadə edəcək və İrana qarşı istənilən hərbi hücuma cavab verəcək.








