lombard

Keçmiş deputat onu böyük dələduzluq işindən xilas edəcək səfir postuna iddiasını ortaya qoyub

Keçmiş deputat onu böyük dələduzluq işindən xilas edəcək səfir postuna iddiasını ortaya qoyub
Elmira Axundova toxunulmazlıq imtiyazı qazanmaq üçün hərəkətə keçib
Buraxılmış parlamentin deputatı Elmira Axundovanın adı mətbuatın gündəmindən düşmür. Onun Ukraynaya səfir göndəriləcəyi xəbərini özünə yaxın media yaymaqdadır.
Həmin xəbələrə görə Elmira Axundova Ukraynadakı səfir Azər Xudiyevi əvəzləyəcək. Azər Xudiyev isə Rusiyaya səfir göndəriləcək. Belə məlumatlar illərdir ki, kriminal xəbərlər qəhrəmanları ilə yanaşı çəkilən Elmira Axundovanın maraqlarından kənar görünmür. O, belə xəbərləri heç təkzib də eləmir. Belə görünür ki, hazırkı dönəmdə hətta ona hava-su kimi gərəkdir. Toxunulmazlıq imtiyazının əldən getdiyi bir vaxtda Elmira Axundovanın bu yöndə çabaları da başa düşüləndir. O, bu imtiyazla əhatələndiyi günlərdə adı 8 milyon manatlıq dələduzluq işinin mərkəzi fiquru kimi keçirdi.
Məlum olmuşdu ki, Azərbaycan parlamentinin üzvü dələduzluq işində oğlu Həbib Axundova və dostu Elnur İbrahimova məsləhətlər verib. Onlar da adamların etibarından istifadə edib külli miqdarda pullarını biznes qurmaq adı ilə alıblar. Həmin dələduzluq olayı yaşandığı dövrdə bu gün dələduzluğa görə həbsdə olan Elnur İbrahimovun əmisi oğlu Hafiz İbrahimov deputatın evinə günaşırı 5 min manat pul aparıb. Bu faktdır və cinayət işində yer alıb! Sosial şəbəkədə daha çox narkotik maddə təsvirləri və kriminal aləmi tərənnüm edən fotolar paylaşan Hafiz İbrahimovun Elmira Axundovanın evinə pul daşıması faktına bu günə qədər hüquqi qiymət verilməyib.
Bu dələduzluq olayı bütün çılpaqlığı – Elmira Axundovanın etirafedici səs yazıları, telefon yazışmaları, digər fakt-dəlillərlə ortaya çıxandan sonra hüquq mühafizə orqanları çətin duruma düşmüşdülər. Deputat toxunulmazlığı imtiyazı Elmira Axundovanı istintaqdan kənar qalmasına ilə nəticələnmişdi.
Hazırda isə yeni situasiya yaranıb, vəziyyət dəyişib. 2019-ci ilin noyabrında parlament buraxılandan sonra Axundovanın oradakı kreslosu ilə yanaşı imtiyazı da əldən getmək üzrədir. Artıq yeni parlament formalaşmaqdadır və onun deputat toxunulmazlığı da yeni parlamentin ilk iclası başlayan andan qüvvədən düşəcək. Bioqrafiyasından böyük qara ləkə kimi boylanan dələduzluq işi isə əksinə, daim qüvvədədir. Cinayət dosyesini əlinə alan istintaqçının bir-iki vərəqi çevirməsi kifayətdir ki, Elmira Axundovaya çağırış vərəqəsi yollasın, onu dindirsin...
Belə bir zamanda Elmira Axundovanın Ukraynaya səfir göndəriləcəyi ilə bağlı xəbərlər özünə yaxın mətbuat üzərindən tirajlanmağa başlayıb. Görünən odur ki, yeni parlamentə buraxılmayan Elmira Axundova toxunulmazlıq qazanmaq üçün çabalarını davam etdirir. Həm də onun bu yöndə ilk çalışması deyil.
Xatırladaq ki, 2018-ci ildə parlamentdəki çıxışlarından birində absurd təklif irəli sürmüşdü. Demişdi ki, deputatlara verilən diplomatik pasportlar onların səlahiyyət müddəti bitəndən sonra da qalsın. "Məsələn, Türkiyədə millət vəkillərinə belə hüquq verilib, onlara hətta səlahiyyətləri bitəndən sonra da "sayın millət vəkilim” deyə, müraciət edirlər” – deyə Elmira Axundova istəyini bu şəkildə dilinə gətirmişdi. Axundova imtiyazını itirməklə 30 milyonluq varidatını da əldə verə biləcəyinin fərqindədir. Odur ki, imtiyaz qazandıracaq işə keçmək niyyətini də gizlətmir.

Xəbər lenti