Keniyanın Mombasa şəhərində məhkəmə "Xoş xəbərlər beynəlxalq kilsəsi" apokaliptik təriqətinin lideri Pol Makkenzi və onun 29 tərəfdarını 191 uşağın ölümündə təqsirli hesab edib.
Bu barədə "The Sun" qəzeti məlumat verib.
İstintaq materiallarına əsasən, Makkenzi təriqət üzvlərinə təhsilin "şər" olduğunu, müasir tibbin isə dini hökmlərə zidd olduğunu aşılayıb. Onun hazırladığı ölüm planına əsasən, "İsa Məsihlə görüşmək naminə" özlərini ilk olaraq uşaqlar aclıqdan öldürməli, daha sonra qadınlar, kişilər və ən sonda icma rəhbərliyi bunu etməli idi.
Məhkəmə prosesi 2023-cü ildə Kilifi dairəsindəki Şakahola meşə massivində kütləvi məzarlığın aşkarlanmasından və məzarların içindən 429 cəsədin tapılmasından sonra başlayıb. Hazırkı cinayət işinin demək olar ki, bütün epizodları yetkinlik yaşına çatmayanların ölümü ilə bağlıdır ki, onların arasında bir neçə həftəlik körpələr də olub. Pol Makkenzi və digər təqsirləndirilən şəxslər öz günahlarını tamamilə inkar ediblər.








