Dünən axşamdan Belarus və Latviya sərhədindəki yeganə fəaliyyət göstərən keçid məntəqəsi vasitəsilə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.
Bu barədə Belarusun Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb:
"Latviya tərəfinin qərarı ilə iyulun 31-də, saat 23:00-dan Belarus-Latviya sərhədindəki yeganə açıq qalan "Qriqorovşina" buraxılış məntəqəsi ilə hərəkət tam bağlanıb və hələ də bərpa olunmayıb. Bir gün əvvəl Latviyanın daxili işlər naziri texniki səbəbləri əsas gətirərək bu barədə məlumat vermişdi. Vəziyyətin dəyişməsi ilə bağlı əlavə xəbər veriləcək".
Daha əvvəl Latviyanın daxili işlər naziri Yanis Dombrava özünün sosial şəbəkə hesabında texniki səbəblərdən ölkələr arasındakı sərhədin bağlandığını yazıb. O, həmçinin hələ Latviyaya qayıtmayan vətəndaşları digər marşrutlardan istifadə etməyə çağırıb.
Belarus Dövlət Sərhəd Komitəsinin Bakı vaxtı ilə saat 09:00-a olan məlumatına görə, "Qriqorovşina" məntəqəsində ölkədən Latviyaya çıxış üçün 10 yük maşını gözləyir. Belarus və Latviya sərhədində iki buraxılış məntəqəsi yerləşir ki, onlardan yalnız biri - "Qriqorovşina" fəaliyyət göstərirdi.








