Hər bir millətin vətən və dövlət sevgisi, çox zaman dövlətin atributlarına olan sayğısı ilə qiymətləndirilir. Dövlətimizin bayrağı müstəqilliyimizin təcəssüm etdirən qürur mənbəyimizdir. Hər bir vətəndaşımızın atributlarımıza sayğısı vacib olduğu qədər , dövlətin təhlükəsizliyi ilə məşğul olan orqanların da dövlətimizin rəmzlərinin keşiyində dayanmaq mənəvi borcla bərabər, vəzifə borcu olmalıdır.
Son günlər sosial şəbəkədə bayrağımızla bağlı yayılan dəşhətli foto hər kəsi sarsıtdı. Bayrağımızdan tikilən zibil torbalarının şəkillərinin yayılmasını adi bir diqqətsizlik və yaxud anlayışsızlıq hesab etmirəm. Bu düşünülmüş şəkildə dövlətimizi təhqir etmək, müstəqilliyimizi aşağılamaq və çox ehtimalla təhdid etməkdir.
Çox təəssüf edirəm ki, dövlət atributumuzun bu formada aşağılanması hadisəsi cəmiyyətimizi narahat etsə də, dövlətin başında dayananların tükünü belə tərpətmədi. Son zamanlar "icra başçısı ovu”na çıxan və cəmiyyətdə "masqalı oğlanlar” kimi ad qazanan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bununla bağlı atılmalı olan addımı atmadı.
Fotolardan göründüyü kimi bayraqlar köhnə parçadan, rəngi solmuş və ya köhnəlmiş halda deyil, əksinə, bəlkə də bu çirkin məqsədi həyata keçirmək üçün yeni alınan bayraqlardır. Hesab edirəm ki, hətta savadı, anlayışı olmayan insan bayraqdan zibil torbası düzəltməz.
Bu fotonun hansı bölgədə çəkildiyi ilk gündən məlum olmasa da, hadisənin Türkiyədə baş verdiyi deyilir. Bu çox ciddi təxribatdır. Bu baxımdan dövlətin aidiyyəti qurumları dövlətimizi aşığalmağa çalışılan bu hadisəni diqqətə götürməli, bu rəzilliyin harda baş verdiyini araşdırmalı və hadisəni törədənlərə layiqli cəzanı verməlidir. Bu hadisə Azərbaycandan kənarda baş veribsə belə, dövlətin aidiyyəti orqanları yenə bunu edən qüvvələrin cavablarını verməlidir.
Mən vətənini, dövlətini sevən bir Azərbaycan vətəndaşı olaraq, dövlətin aidiyyəti qrumlarından dövlətimizin qürur mənbəyi olan dövlət atributlarının keşiyində dayanmağı tələb edirəm. atributlarımızı qorumaq dövlət sərhəddimiz kimi mühüm və hüquqi vəzifə ilə bərabər mənəvi vəzifədir. Ümid edirəm ki, bu rəzilliyi edənlər bütün formalarda cəzalandırılacaqlar.

Elşən Əlisoy, "Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri








