RU
MDU tələbələri qəhrəmanlıq irsimizi virtual dünyaya daşıyırlar
15:42
16

MDU tələbələri qəhrəmanlıq irsimizi virtual dünyaya daşıyırlar

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə tarixi yaddaşın rəqəmsallaşdırılması, milli irsin sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin müasir texnologiyalar vasitəsilə yaşadılması isə gənclərin həm innovativ düşüncəsinin, həm də vətənpərvərlik ruhunun ifadəsidir.

"Azərbaycan müəllimi” xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən sərgidə Riyaziyyat və İnformasiya texnologiyaları fakültəsinin tələbələri hazırladıqları rəqəmsal layihələri təqdim ediblər.

"Zəfər tariximizin rəqəmsal yaddaşa həkk olunması” təşəbbüsü çərçivəsində tələbələrin hazırladıqları veb-resurslar və Telegram platforması nümayiş olunub. Layihələrdə Vətən müharibəsinin xronologiyası, işğaldan azad edilmiş ərazilər, şəhidlərin həyat və döyüş yolu, tarixi faktlar və Zəfər rəmzləri interaktiv formada əks etdirilib.

Şuşadan başlayan rəqəmsal Zəfər yolu
 

İnformasiya texnologiyaları ixtisasının İT26.1 qrup tələbələri Vaqif Zahidzadə və Elmir Zakirov Dinarə İslamovanın rəhbərliyi ilə "Şuşadan Başlayan Qələbə: 8 Noyabr Zəfər Günü” adlı təqdimat hazırlayıblar. Layihədə Vətən müharibəsinin tarixi, ordumuzun qəhrəmanlığı, QR kodlarla əlçatan elektron materiallar və Şuşa qalası üzərində Azərbaycan bayrağını dalğalandıran əsgəri təsvir edən rəsm əsəri yer alıb.

Tələbələr qeyd ediblər ki, məqsədləri Zəfər tariximizi müasir texnologiyalar vasitəsilə təqdim etməkdir: "İstəyirik ki, hazırladığımız materiallar (https://qrco.de/bh5MNH; https://qrco.de/bh5MPF) gənclərə Şuşanın azad olunmasının tarixi əhəmiyyətini daha yaxından öyrənmək imkanı yaratsın”.

Şəhidlərin xatirəsi rəqəmsal platformada

İT24.2 qrupunun tələbəsi Elşən Qəribli müəllimi Şəbnəm Nəsirovanın rəhbərliyi ilə şəhidlərin xatirəsinə həsr olunmuş "Telegram" botu hazırlayıb. Platforma vasitəsilə istifadəçilər şəhidlərin həyatı və qəhrəmanlıqları haqqında məlumat əldə edə bilirlər.

"Texnologiyanın yalnız gündəlik həyatımızı asanlaşdırmaq üçün deyil, həm də milli yaddaşımızı qorumaq üçün istifadə olunmasını istəyirəm. Bu layihəni şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə hazırlamışam”, – deyə tələbə bildirib.

44 günlük Zəfər bir elektron məkanda

Kompüter elmləri ixtisasının KE24 qrup tələbəsi Amil İmamquliyev Vətən müharibəsinin xronologiyası, azad edilmiş ərazilər, interaktiv xəritə, şəhidlər haqqında məlumatlar və viktorinadan ibarət veb-sayt yaradıb: "Əsas məqsədim 44 günlük Zəfər tarixini sistemli və əlçatan formada təqdim etməkdir. İstifadəçilər sayt vasitəsilə hadisələrin ardıcıllığını izləyə, tarixi məlumatlarla tanış ola bilərlər”.

Eyni qrupun tələbəsi Ramal Rüstəmov isə "44 Gün – 44 Addım – 44 Hekayə” bölməsinin də yer aldığı elektron platforma  hazırlayıb. Saytda tarixi xronologiya, interaktiv xəritə, şəhidlər və Xarıbülbül haqqında məlumatlar toplanıb. O hazırladığı platforma haqqında bunları qeyd edib: "İstədim ki, insanlar Vətən müharibəsinin hər gününü yalnız mətnlə deyil, xəritələr və vizual materiallar vasitəsilə də izləyə bilsinlər”.

Zəfər tariximiz rəqəmsal yaddaşda

"Zəfərin rəqəmsal yaddaşı” layihəsi çərçivəsində KE-23 qrupunun tələbəsi Rahid Zahirov fakültənin dekanı, dosent Aidə Mustafayevanın rəhbərliyi ilə Azərbaycanın Zəfər tarixini yaşatmaq məqsədilə veb-platforma hazırlayıb. Platformada Vətən müharibəsi, qəhrəmanlarımız və tarixi hadisələr haqqında məlumatlar təqdim olunur.

Rahid Zahirov bildirib ki, texnologiyanın yalnız müasir dövrün tələblərinə cavab verməsini deyil, həm də milli tariximizin, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə ötürülməsinə xidmət etməsini istəyir: "Bu layihəni Zəfər tariximizin rəqəmsal yaddaşda qorunmasına töhfə vermək məqsədilə  hazırlamışam”.

Universitetin şəhid məzunlarına ehtiram

İT26.2 qrupunun tələbələri Sevda Hüseynli, Murad Əliyev və Riad Quliyev hazırladıqları layihədə interaktiv xəritə, 10 sualdan ibarət viktorina və MDU-nun şəhid məzunlarına həsr olunmuş bölməni birləşdiriblər: "Universitetimizin şəhid məzunlarının xatirəsini yaşatmaq bizim üçün xüsusi məsuliyyətdir. Onların həyat və qəhrəmanlıq yolunu rəqəmsal mühitdə təqdim etməklə tariximizin unudulmamasına töhfə vermək istəyirik”.

"Tələbələrimizin təşəbbüsü milli yaddaşın qorunmasına töhfədir”

Riyaziyyat və İnformasiya texnologiyaları fakültəsinin dekanı dosent Aidə Mustafayeva tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib: "Bu layihələr tələbələrimizin yalnız proqramlaşdırma və texnoloji bacarıqlarını deyil, həm də yaradıcı düşüncəsini və vətəndaşlıq məsuliyyətini nümayiş etdirir. Zəfər tariximizin interaktiv formada sistemləşdirilməsi, şəhidlərimizin xatirəsinin rəqəmsal müstəvidə yaşadılması təqdirəlayiq təşəbbüsdür. Belə fəaliyyətlər gənclərin peşəkar inkişafı ilə milli-mənəvi dəyərlərimizin qorunmasını birləşdirir”.

MDU tələbələrinin hazırladıqları layihələr göstərir ki, müasir texnologiyalar tarixi yaddaşın qorunmasında da mühüm vasitəyə çevrilə bilər. Gənclərin bu təşəbbüsü Zəfər irsinin yeni nəsillərə ötürülməsi və milli qəhrəmanlıq salnaməmizin rəqəmsal mühitdə yaşadılması baxımından əhəmiyyətli addımdır.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ