RU
lombard
Mənəvi zəncirin həlqəsi
18:21
1130

Mənəvi zəncirin həlqəsi

Mahir Qabiloğlu

İxtisasca filoloq olsam da, ədəbi tənqidlə məşğul olmaqdan xoşum gəlmir. Ola bilsin ki, özüm də yaradıcılıqla məşğul olduğum üçün, bir növ fikir söyləyəndən fikir umana çevrilmişəm? Bəlkə də “beyin məhsulu olan hər bir şey yüksək qiymətə malikdir” fikirini üstün tutduğum üçündür, bilmirəm. 

Həyatım boyu hər gün gördüyüm, görüşdüyüm görkəmli, tanınmış, istedadlı  adamlarda – qələm əhlində  şəxsiyyət və istedadın paralel inkişaf etdiyini görmüşəm. Düzü, öncələr  “istedadlı” sözünü heç işlətmirdilər də... Əgər adının önündə şair, yazıçı, dramaturq sözü vardısa, bu, həmin adamın istedadlı olmasının təsdiqi idi. Yazıçı, şair həm də cəsarətli zümrə sayılırdı. Bəzən ictimai xadim olmaları, onların yaradıcılığından bir addım irəlidə gedirdi. Bəzən isə ictimai xadim olaraq etdikləri hansısa yanlışlıq(lar) onları sənət zirvəsindən üzüaşağı dərəyə yuvarlayırdı. Düzdür, əsərləri yaşayırdı, amma özləri toplumdan (demək olar, birdəfəlik) təcrid olunurdu. Uzaq olsun, gözdən düşürdülər, xəstəlik tapırdılar və s. Hətta tabutları yollanan son mənzillərinin ünvanı 1-ci Fəxri Xiyabandan 2-ciyə, 2-ci Fəxri Xiyabandan adi şəhər-kənd qəbiristanlığına belə dəyişə bilirdi...

Azərbaycan xalqı şair xalqdır, deyirlər. Hər yüzil statistik hesablama aparsaq, yüzlərlə yazıçı-şair gəlib-gedir... ancaq nəinki bir yüzillikdə, bəzən 300 ildən bir onlardan ikisi-üçü üzə çıxır... ya yox...  XX yüzildən XXI yüzilə hələ ki, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq adlaya bilib, məncə... ancaq ictimailikdə bəlkə də Sabir o birilərdən bir baş yuxarıdır. Çünki hər şeirdən bir-iki misrası yaddaşlar dəlir.

Kim nə deyər bizdə olan qeyrətə?
Qeyrətimiz bəllidir hər millətə...

Yaxud

Millət necə tarac olur-olsun, nə işim var,
Düşmənlərə möhtac olur-olsun, nə işim var..?

Yaxud da

Fəhlə, özünü sən də bir insanmı sanırsan? –
Axmaq kişi, insanlığı asanmı sanırsan?..

*** 


Bu yazının ilk cümlələrini oxuyub, elə bilməyin, mövzum: vətəndaş ədəbiyyatıdır və bu sətirləri yazan mən Mahir Qabiloğlu isə ədəbiyyatşünasam. Bu bizim tarixdir. Keçmiş özünü müdrik sayan hər bir kəs üçün sadəcə tarix kimi qiymətli olmalıdır.

Bu yazımı mən şair-publisist, araşdırmaçı, ictimai xadim, Türk Dünyası sözü dilinin əzbəri olan Əkbər Qoşalıya həsr edirəm. Qəliz giriş də elə-belə deyildi. Bilirsinizmi, hardan qaynaqlanıb? Əkbər məni tanıdığı ilk gündən mənə nə Mahir, Mahir bəy, şairoğlu deyir, nə də çeynənmiş saqqız kimi Mahir müəllim.  Mən “USTADOĞLU”yam onun dilində. Atamın sağlığında da belə deyirdi, yoxluğunda da. Əkbər Qoşalı QABİLi və digər böyük şairlərimizi, yazıçılarımızı  özünə ustad sayır. Atam QABİL də Səməd Vurğunu, Sabiri, Nəsimini, Füzulini, Nizamini özünə ustad sayırdı. Deməli, mənəvi zəncir qırılmayıb.  “Ustadına kəm baxan”ların çox olduğu bir zəmanədə, yaxşı ki, Əkbər Qoşalı kimilər var...

İsa Hüseynovun ssenari müəllifi olduğu “26-lar” bədii filminin sonunda belə bir epizod var, - buna rejissor tapıntısı da demək olar: Ağcaqum səhrasında güllələn­məyə aparılan komissarlardan birinə bir türkmən balası üzüm verir. O da salxımı alır, ondan bir giləsini qoparıb ağzına qoyur. Sonra salxımı o biri komissar dostuna ötürür, yoluna davam edir. O da bir üzüm giləsini qoparıb o biri komissar dostuna ötürür. Bu rəmzi məna daşıyan epizod həyatımızın bütün sahələrinə aiddir. Əlbəttə, “26-lar” ideoloji-siyasi yükündən arındırlmış şəkili ilə..! O cümlədən ədəbiy­yatımıza da aiddir. Beləliklə, arınmış “salxım ötürmə” olayı bugünümüzə gəlib çıxıb. Əkbər Qoşalı kimi şair-yazıçılarımızın əlindədir o salxımı ötürmək. Ötürməlidirlər özlərindən sonrakılara. Bəs kimə? Bunun üçün şərait yetişibmi? Axı gərək bir addım, iki addım, üç addım irəli gedəsən ki, başqalrı da sənin arxanca gəlsin. Salxımdan bir gilə qoparıb yemək isə çox böyük sorumluluqdur. Onu kimə ötürmək də...

Yəqin ki, “giriş”dən də aydın oldu ki, mən Əkbər Qoşalının yaradıcılığından bəhs etməyəcəyəm. Onun yazdıqlarından iki misra illər sonra dillər əzbəri olsa, mən də sevinərəm. Bu misralar ustad saydığı QABİLin “Səhv düşəndə yerimiz” misrası kimi 20-30 il keçəndən sonra el misalına çevrilsə özümü xoşbəxt sayaram. Yəqin ki, o günü görəcəyəm.



Əkbər Qoşalı mənim üçün təkcə şair deyil. Əkbər Qoşalını mən AzTV-nin “Xəbərlər” proqramında işləyəndə tanımışam. Heydər Əliyevin prezidentliyi dövrü idi. İctimai proseslər çox sürətlə inkişaf edirdi. “Xəbərlər”in işçisi kimi bu proseslərin içində olan bizlər, nala-mıxa vuranları, ingilis bayrağı kimi hər səmtə əsənləri, marığa yatanları çox yaxşı görürdük. O dövr AzTV öz mövqeyini ortaya qoymaq istəyənlər üçün meydan açmışdı. Deyəcəksiniz ki, ona mövqe yox, iqtidarı təriflətmək, dəstəkləmək  üçün məkan deyərlər. Mən razı. Bəs orda öz düzgün mövqeyini ortaya qoyanlar yadınızdadırmı? Yəqin ki, hə. Bəs AzTV-nin qapısına gəlib, ordan aradan çıxan “qurban olum, məni zibilə salmayın, filankəsin adını çəkərəm... dünyanın işini bilmək olmaz, birdən yenə də qayıdarlar hakimiyyətə, dərimə saman təpərlər” deyənlər necə, o da yadınızdadırmı? Yox. Onları biz görürdük, onları biz eşidirdik.

Amma 23-25 yaşlı Əkbər kimi gənclərimiz televiziyaya özləri gəlirdilər. “Biz Heydər Əliyev deyirik, onun əsgərləriyik, onun yolundayıq!” deyirdilər. Çoxmu keçib o illərdən? 20-22 il az müddət deyil. Mən ilk dəfə Əkbər Qoşalını belə tanımışam, indi də belə tanıyıram: BİR SİFƏTLİ!

İllər keçdi. Onun səsini daha yüksəklərdən eşitməyə başladım. İlk olaraq gənclər hərəkatının önündə gördüm onu. TÜRKSOY Plaketinə, Qırğız Respublikasının Toktokul Satılganov medalına layiq görülüb. 2008-2009-cu illərdə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqüdçüsü olan Ə.Qoşalı, bu il, Prezidentimiz İlham Əliyev tərəfindən “Tə­rəqqi” medalıyla təltif edilib.

...Elə bilirəm, ustadların yolunu davam etdirmək lazımdır və bu missiyanı layiq olanlar, bacaranlar daşıya bilər... Missiya böyükdür..! O, missiyanın gərəkdirdiklərini yerinə gətirməli, sonra isə arxadan gələnlərə əl tutmalıdır... ki, nə vaxtsa onu da ustad deyə çağır­sınlar, mənəvi zəncirin halqaları qırılmasın..! Əkbər əfəndi həm ədəbiyyatımıza öz töhfəsini verməli, həm də görkəmli ictimai-siyasi xadim kimi etimadı doğrultmalıdır...

O ki, qaldı bizim indiki “ustadoğlu-qağa” münasibətlərinə. 20 il öncə necəydisə elə də qalır. Yox, lap yadımdan çıxdı. Əkbər Qoşalının yeni bir özəlliyini də kəşf etmişəm. Demə, Əkbər incə ruhlu redaktor imiş. Bunu mən Leyla xanım Əliyevanın şeirlərini ruscadan tərcümə etməyə başlayanda bildim. Azərbaycanca varianta elə incə qələm gəzdirir ki, sanki zərgərdir, qarşı­sındakı da  almaz, cilalayır...


Bu gün Əkbər Qoşalı haqqında yazdım. Bu yazının bu ilin seçkilər ili olmasına dəxli yoxdur. (Mən onun haqqında ötən il yazmışdım – səhv etdim, özünə göndərdim, o da yayınlanmamasını uyğun gördü. O üzdən bu dəfə, dostum və qardaşıma yazını deyil, yazının (yayınlandıqdan sonra) “bağlantı”sını (“link”ini) göndərəcəm.) Deyirəm, bəlkə də, sabah-birisigün millət vəkili seçkilərinə qatılsa və qazansa, onun haqqında yazanlar çoxalacaq. Ancaq bizim münasibətlər öz səmimi­liyini bugünkü kimi saxlayacaq, buna əminəm. İstərəm ki, Əkbər Qoşalı namizədliyini versin və seçilsin. Əlbəttə, namizədliyini versə də, sağolsun, verməsə də. Ancaq könül istər, irəli dursun, seçilsin ki, təkcə öz seçki dairəsinin yox, istedadlı gənc yazıçıların da vəkili olsun. Mən Mirzə İbrahimovu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni və digər deputat-yazıçı­larımızı belə eşitmişəm, belə görmüşəm. Mənim tanıdığım Əkbər də yəqin ona bəslənən ümidləri doğruldar. O, buna qabildir və deyərdim ki, neçə illərdir gücü çatan qədər “ictimai əsaslarla vəkillik” edir.

Görəlim, mövlam neylər,
Neylərsə, gözəl eylər...
  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ