İstintaqçılar rusiyalı milyarder İbrahim Süleymanova və mütəşəkkil cinayətkar birlik tərkibində qətl və adam öldürməyə cəhddə təqsirləndirilən digər şəxslərə qarşı yekun ittiham irəli sürüblər. Tanınmış iş adamı cinayətdə iştirakını etiraf etməyib.
Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Müstəntiqlər Süleymanov və cinayət işinin digər iştirakçılarının ibtidai istintaqın başa çatdığını elan ediblər. Milyarder təqsirini boynuna almaqdan imtina edib", - deyə agentliyin mənbəsi bildirib.
Məlumata görə, Süleymanov 2025-ci il oktyabrın 3-də Rublyovkadakı bağ evində saxlanılıb. Saxlanılma və dindirmədən sonra istintaq orqanları ona iki qətl və bir qətlə cəhdin təşkili üzrə ittiham irəli sürüb. Daha sonra daha ağır maddə - mütəşəkkil cinayətkar birlik yaratmaq və onda iştirak etmək işə əlavə edilib. Təqsirləndirilənlər barədə cinayət işində 1999 və 2004-cü illərdə törədilmiş qətllərdən, həmçinin 2025-ci ildə baş vermiş adam öldürməyə cəhddən bəhs olunur.
Güc strukturlarından verilən məlumata görə, cinayətkar dəstəsinin qurbanlarından biri 2004-cü ildə öldürülən Federal Maliyyə Sağlamlaşdırması və İflas Xidmətinin rəhbəri Georgi Tal olub. Moskva məhkəməsi Süleymanovdan başqa iş üzrə daha dörd nəfəri istintaq təcridxanasına göndərib və onların həbs müddəti dəfələrlə uzadılıb.
İş üzrə bütün təqsirləndirilən şəxsləri ömürlük həbs cəzası gözləyir.








