Mingəçevir Dövlət Universitetində (MDU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu uğurla yekunlaşıb.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən ilkin və ikinci tur (boş qalan plan yerlərinə) ixtisas seçimlərinin nəticələrinə əsasən, universitetin bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planı 100 faiz dolub və 1750 nəfər MDU tələbəsi adını qazanıb.
Qazanılan bu yüksək nəticə Mingəçevir Dövlət Universitetinin artan nüfuzunun, təklif olunan müasir təhsil imkanlarına göstərilən marağın və abituriyentlər tərəfindən ali təhsil müəssisəsinə olan yüksək etimadın bariz göstəricisidir.
Qeyd edək ki, son illərdə həyata keçirilən məqsədyönlü inkişaf strategiyası çərçivəsində MDU-da mühüm layihələr və yeniliklər icra olunur. Bu istiqamətdə:
* Müasir tədris mühitinin formalaşdırılması,
* Əmək bazarının müasir tələblərinə uyğun ixtisas və proqramların inkişaf etdirilməsi,
* Akademik heyətin potensialının gücləndirilməsi,
* Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi,
* Tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına yönəlmiş imkanların yaradılması prioritet vəzifələr kimi həyata keçirilir.
Əldə olunmuş 100 faizlik qəbul göstəricisi universitetdə aparılan ardıcıl islahatların və inkişaf kursunun məntiqi nəticəsidir.
Mingəçevir Dövlət Universiteti adını qazanan bütün tələbələri və onların valideynlərini təbrik edir, yeni tədris ilində uğurlar arzulayırıq!








