Mingəçevir Turizm Kollecinin 20 illik tədbirlər planı çərçivəsində, 30 oktyabr 2026-cı il tarixində Kür Olimpiya Tədris-İdman Mərkəzi "Arena Hotel Kür"də "Təhsil və Turizm Forumu” keçirilib.
"Təhsil və turizm sahəsində perspektivlər, problemlər və həllər” mövzusuna həsr olunan forumun əsas məqsədi təhsil və turizm sahələrinin inkişaf perspektivlərini müəyyənləşdirmək, mövcud problemləri müzakirə etmək, onların həlli yollarını araşdırmaq, təhsil müəssisələri ilə turizm sektoru arasında əməkdaşlığı genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını inkişaf etdirmək olub.
Forumda dövlət qurumlarının, ali və orta ixtisas təhsili müəssisələrinin, turizm və hotelçilik sektorunun, eləcə də özəl şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Dövlət Turizm Agentliyinin əməkdaşı, Mingəçevir şəhərinin ictimai-siyasi və inzibati qurumlarının rəhbər şəxsləri, eləcə də turizm sənayesinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Mingəçevir Turizm Kolleci tələbələrinin əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxışla başlayıb. Ardınca forumun açılış mərasimi keçirilib.
Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Forumun açılışında Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin təhsil və təlim sektorunun müdiri Günay Fərzəliyeva, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Azər Hüseynov, UNEC-in Zaqatala filialının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, "Job in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli və "HTech Invest” MMC-nin baş icraçı direktoru Lətif Məhərrəmov çıxış ediblər.
Çıxışlarda təhsil və turizmin inkişafı, müasir dövrün tələblərinə uyğun mütəxəssis hazırlığı, əmək bazarı ilə təhsil arasında əlaqələrin gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin Mingəçevir Turizm Kollecinin 20 illik fəaliyyəti və bu müddət ərzində turizm və digər sahələr üçün peşəkar kadrların hazırlanmasına verdiyi töhfələr vurğulanıb.
İki paneldən ibarət olan forumda Dövlət Turizm Agentliyinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, alimlər və sənaye müəssisələrinin nümayəndələri mövcud mövzular ətrafında sualları müzakirə ediblər.
Həmçinin iştirakçılar forumla bağlı sorğu anketlərini cavablandırıblar. Sonda isə tələbələr öz əl işlərini panel spikerlərinə və forumun ərsəyə gəlməsinə dəstək olan tərəfdaşlara hədiyyə ediblər.







7NEWS.az







