Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.
7News.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.
Kənddə toydan əvvəlki axşam məclisində ("ciyər axşamı"nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.
Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.
Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.
Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.
Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.
Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.









