Ukrayna ordusunun iyulun 27-si axşam saatlarından 28 iyul səhərinədək Moskva və ətrafına genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirdiyi bildirilir.
Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, hücum zamanı paytaxt və Moskva vilayəti istiqamətində uçan 81 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Yerli "Telegram" kanallarının məlumatına əsasən, hücum nəticəsində Moskva vilayətinin Çexov şəhərində yerləşən hidromexaniki avadanlıq zavodu zərər görüb. Bundan başqa, çoxmərtəbəli yaşayış binasına da ziyan dəydiyi iddia edilir.
Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.








