Artıq bir neçə həftədir ki, Naxçıvan şəhərinin müxtəlif küçə və prospektlərində küçə işıqlandırma sistemi fəaliyyət göstərmir. Gecə saatlarında yaranan qaranlıq həm sakinlərin gündəlik hərəkətini çətinləşdirir, həm də yol hərəkəti iştirakçıları üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, Babək məhəlləsində yeni quraşdırılmış işıq dirəkləri də istifadəyə verilməyib. Onlar bildirirlər ki, işıqlandırmanın olmaması səbəbindən piyadaların yolu keçməsi çətinləşib, qəza riski isə xeyli artıb. Bundan başqa, gecə saatlarında sahibsiz itlərin ərazidə sərbəst dolaşması insanlarda narahatlıq yaradır.
Yerli sakinlər qeyd edirlər ki, qaranlıq şəraitdə marketə və digər ünvanlara getmək belə problemə çevrilib. Onların fikrincə, xüsusilə yaşlı insanlar və uşaqlar üçün mövcud vəziyyət daha təhlükəlidir. Bildirilir ki, son vaxtlar ərazidə yol-nəqliyyat hadisələri də baş verib.
Məsələyə münasibət bildirən Naxçıvan Şəhər İcra Hakimiyyəti açıqlayıb ki, bəzi küçələrdə işıqlandırma sisteminin işləməməsi texniki nasazlıqdan qaynaqlanır. Qurumdan verilən məlumata görə, problemin aradan qaldırılması üçün təmir və bərpa işləri həyata keçirilir və işıqlandırmanın yaxın vaxtlarda tam bərpa olunması nəzərdə tutulur.








