Bakı şəhərinin Nəsimi rayonu, İmran Qasımov küçəsində qanunsuz parklanma fəaliyyəti ilə məşğul olduğu iddia edilən şəxs sakinlərin ciddi narazılığına səbəb olub. İddialara görə, sözügedən şəxs heç bir rəsmi səlahiyyəti olmadan avtomobil sürücülərindən parklanma adı ilə pul tələb edir, küçəni faktiki olaraq şəxsi gəlir mənbəyinə çevirib.
Sakinlər bildirirlər ki, dövlətə məxsus olan yol kənarının ayrı-ayrı şəxslər tərəfindən zəbt olunması və sürücülərdən qanunsuz ödəniş tələb edilməsi qəbuledilməzdir. Belə halların davam etməsi həm qanunun aliliyinə kölgə salır, həm də vətəndaşların haqlı narazılığına səbəb olur.
Qeyd edilməlidir ki, Azərbaycanda ödənişli parklanma yerlərinin təşkili və idarə olunması müvafiq dövlət qurumlarının səlahiyyətinə daxildir. Heç bir fiziki şəxs öz təşəbbüsü ilə küçədə parklanma xidməti təşkil edə və sürücülərdən pul tələb edə bilməz.
Aidiyyəti dövlət qurumlarını İmran Qasımov küçəsində yaranmış vəziyyəti dərhal araşdırmağa, qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməyə çağırırıq. Əgər bu iddialar təsdiqini taparsa, qanunsuz parklanma adı altında vətəndaşlardan pul yığılması hüquqi məsuliyyət yaradan əməl kimi qiymətləndirilməlidir.
Qeyd: Məqalədə yer alan məlumatlar daxil olmuş iddialara əsaslanır. Məsələ ilə bağlı adı çəkilən şəxsin və aidiyyəti qurumların mövqeyi təqdim ediləcəyi təqdirdə dərc olunacaq.








