7News.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xaricdə təhsil və iş imkanı vədi ilə şirkətə minlərlə manat ödəniş edən şəxslər nə vəd olunan xidmətləri ala, nə də ödədikləri vəsaiti geri qaytara bilirlər.
Şikayətçilərdən Aliyə Əfəndiyeva bildirib ki, şirkətin sosial şəbəkələrdəki reklamlarını gördükdən sonra müraciət edib. Onun sözlərinə görə, üç övladının Kanadada təhsil alması üçün mart ayında şirkətlə müqavilə bağlayaraq 17 min manat ödəyib.
Digər şikayətçi Ramin Bedimirzadə isə ABŞ-də təhsil almaq məqsədilə müqavilə əsasında şirkətə 4 350 manat ödədiyini deyib. O bildirib ki, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləğ geri qaytarılıb.
"Aid Group" şirkətinin mövqeyini öyrənmək məqsədilə ofislə əlaqə saxlanılıb. Lakin şirkətin ofisi bağlı olub. Sosial şəbəkə hesablarında göstərilən əlaqə nömrələrinə edilən zənglər də cavabsız qalıb.
Hazırda şikayətçilər ödədikləri vəsaitin geri qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.








