Səudiyyə Ərəbistanı və Türkiyə ilə yeni üçtərəfli müdafiə sazişinin (Məkkə müqaviləsi) aktivləşdirilməsi fonunda, Pakistan öz hərbi qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdirildiyini təsdiqləyib.
Bu barədə Pakistan ordusunun rəsmisi, general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.
Onun sözlərinə görə, Pakistan hərbçiləri müxtəlif hərbi sahələrdəki imkanları ilə birlikdə Səudiyyə Ərəbistanında artıq mövcuddur.
O qeyd edib ki, bu yerləşdirmə İslamabad və Ər-Riyad arasındakı uzunmüddətli müdafiə və təhlükəsizlik əlaqələrinə əsaslanır.
Generalın sözlərinə görə, avqust ayında Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən imzalanan Məkkə müqaviləsi də məhz bu mövcud əlaqələr üzərində qurulub. Sənəddə qeyd olunur ki, üç ölkədən hər hansı birinə edilən silahlı hücum hər üç dövlətə edilmiş hücum kimi qiymətləndiriləcək.
"Reuters" agentliyinin məlumatına görə, Ər-Riyad Yəmənin İranla müttəfiq olan husi hərəkatının yenidən hücumları ilə üzləşdiyi bir vaxtda Türkiyə Səudiyyə Ərəbistanına texniki və müdafiə xarakterli hərbi dəstək, o cümlədən avadanlıq, kəşfiyyat və hava hücumundan müdafiə imkanları təqdim etməyə başlayıb. Eyni zamanda, Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının əməliyyatlarını dəstəkləyən hərbi texnika da təmin ediblər. Bununla belə, Pakistan qüvvələrinin Səudiyyə Ərəbistanındakı dəqiq miqyası və əməliyyat rolu hələ də qeyri-müəyyəndir.
Çaudhri qoşunların sayı, texnikası və ya Pakistan hərbçilərinin Yəmən daxilində husilərə qarşı əməliyyatlarda iştirak edib-etməyəcəyi barədə təfərrüatı açıqlamaqdan imtina edərək, bu məlumatların məxfi olduğunu bildirib.
Son xəbərlər göstərir ki, Pakistanın rolu Yəmən ərazisində quru əməliyyatlarından daha çox, Səudiyyə Ərəbistanı ərazisinin müdafiəsinə yönəlib və bura hava hücumundan müdafiə, kəşfiyyat, müşahidə, logistika, habelə mühüm infrastrukturun qorunması daxil ola bilər. Bu hadisələr 2015-ci illə müqayisədə əhəmiyyətli bir dəyişikliyi ifadə edir. Həmin vaxt Pakistan parlamenti Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı həyata keçirdiyi hərbi kampaniyada Pakistan qüvvələrinin iştirakı ilə bağlı tələbini rədd etmişdi. O vaxtdan bəri Pakistan Yəmən münaqişəsində birbaşa iştirakdan qaçmağa çalışsa da, Ər-Riyadla sıx müdafiə əlaqələrini qoruyub saxlayır.








