RU
YAP ümummilli ideologiyanın, milli həmrəyliyin və inkişafın rəmzidir - Kamran Bayramov
17:08
23

YAP ümummilli ideologiyanın, milli həmrəyliyin və inkişafın rəmzidir - Kamran Bayramov


Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında müasir dövlətçilik tariximizin mühüm və tarixi mərhələlərindən birini təşkil edərək, müstəqil Azərbaycanın keçdiyi şərəfli yolu və gələcək strateji hədəflərini bir daha dolğun şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin qurultaydakı nitqi təkcə YAP-ın fəaliyyətinə verilən yüksək qiymət deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin böhranlardan xilas olaraq regional və qlobal miqyasda aparıcı gücə çevrilməsinin konseptual təhlilidir. Dövlət başçısının vurğuladığı kimi, bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası yaranığı ilk gündən ölkənin taleyində həlledici rol oynamış, milli dövlətçilik ideologiyasının möhkəmlənməsində ana xəttə çevrilmişdir. 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən xaos, xalqın umidsizliyi və dövlətçiliyin məhv olma təhlükəsi fonunda Heydər Əliyev tərəfindən təməli qoyulan YAP, faktiki olaraq Azərbaycanın nicat formuluna çevrildi.

Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən faciəvi hadisələrin və dövlətin iflas həddinə çatmasının əsas səbəbi həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz, dağıdıcı və məsuliyyətsiz idarəçiliyi olmuşdur. Müstəqilliyin yenicə qazanıldığı, böyük imkanların və eyni zamanda ciddi təhdidlərin mövcud olduğu bir vaxtda siyasi səriştəsizlik nümayiş etdirən bu cütlük ölkəni dərin idarəetmə böhranına, iqtisadi tənəzzülə və vətəndaş müharibəsi həddinə çatdırdı. Ölkədə inflyasiya min faizi ötmüş, xəzinə boşalmış, işıq və qaz təminatında dərin qıtlıq yaranmışdı. Ən acınacaqlısı isə odur ki, Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda həmin torpaqları satmış AXC-Müsavat cütlüyü hakimiyyət uğrunda qardaş qanı axıdılmasına rəvac vermiş, ölkəni daxildən parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Diplomatik sahədə tamamilə aciz qalan və beynəlxalq müstəvidə Azərbaycanın haqq səsini çatdıra bilməyən bu yarıtmaz idarəçilik nəticəsində ölkəmiz faktiki olaraq təcavüzkar kimi təqdim olunurdu, haqlı olduğu halda beynəlxalq təcrid vəziyyətinə düşürdü. Bütün bu dağıdıcı fəaliyyətlərin və idarəetmə böhranının məntiqi nəticəsi kimi ölkəni uçuruma yuvarlayan AXC-Müsavat rəhbərliyi ən kritik məqamda məsuliyyətdən qaçaraq fərarilik etdi və xalqı taleyin ümidinə buraxdı.

Məhz belə bir ağır və təhlükəli tarixi şəraitdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının siyasi səhnədə aparıcı qüvvəyə çevrilməsi Azərbaycanı dövlət kimi məhv olmaqdan xilas etdi. YAP tək bir siyasi təşkilat deyil, ümummilli ideologiyanın, milli həmrəyliyin və inkişafın rəmzi kimi formalaşdı. Ulu öndərin əsasını qoyduğu dövlətçilik xətti ölkədə siyasi sabitliyi təmin etdi, qanunçuluğu bərpa etdi və iqtisadi dirçəlişin təməlini qoydu. Bu uğurlu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü və qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün tam iqtisadi və siyasi müstəqilliyə malik olan, öz taleyini özü həll edən, beynəlxalq miqyasda sözü imza qədər dəyərli sayılan güclü bir dövlətə çevrildi.

Prezident İlham Əliyevin nitqində xüsusi vurğulandığı kimi, müasir Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının ən böyük, tarixi zəfəri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. Otuz il boyunca beynəlxalq riyakarlıqla, ədalətsizliklə və Minsk qrupu həmsədrlərinin təzyiqləri ilə üz-üzə qalan Azərbaycan xalqı məhz öz gücü, qəhrəman ordusu və uzaqgörən rəhbərliyi sayəsində bu tarixi missiyanı təkbaşına şərəflə yerinə yetirdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız həm də YAP-ın dövlətçilik fəlsəfəsinin, güclü lider və xalq birliyinin təntənəsidir. Dövlət başçısı qurultaydakı nitqində ideoloji təhlükələrə, xarici müdaxilələrə və kiberhücumlar əsrində baş verə biləcək təxribatlara qarşı ayıq-sayıq olmağın, milli-mənəvi dəyərləri, təhsili və gəncləri yad təsirlərdən qorumağın vacibliyini xüsusi olaraq qeyd etdi. Bu gün YAP sadəcə keçmişin uğurları ilə kifayətlənən deyil, gələcəyin çağırışlarına hazır olan, ideoloji təhlükəsizliyi təmin edən və Azərbaycanın əbədi müstəqilliyini hədəfləyən əsas siyasi sütundur. AXC-Müsavat cütlüyünün yaratdığı böhran və xaos dərsi heç vaxt unudulmamalı, qazanılmış tarixi Zəfər və dövlət müstəqilliyi hər bir vətəndaş tərəfindən göz bəbəyi kimi qorunmalıdır. Məhz bu mənada, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın gələcək inkişaf yollarını aydınlaşdıran, milli həmrəyliyi daha da möhkəmləndirən və müstəqil dövlətçiliyimizin sarsılmazlığını bir daha bütün dünyaya bəyan edən mühüm tarixi hadisə kimi tarixdə qalacaqdır.

Kamran Bayramov
Milli Məclisin deputatı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ