RU
Qərəzli manipulyasiya və əsassız ittihamlar şousu:
21:16
28

Qərəzli manipulyasiya və əsassız ittihamlar şousu: "The Independent" nəyi gizlətməyə çalışır?


Qərb mediasının müəyyən dairələrində Azərbaycanın müstəqil xarici siyasətinə və milli maraqlarına qarşı sistemli hücumlar etmək artıq adət halını alıb. Böyük Britaniyanın "The Independent" nəşrində dərc olunmuş son məqalə bu çirkin kampaniyanın nəinki parlaq, hətta ən ucuz nümunələrindən biridir. Məqalə tamamilə qərəzli, heç bir hüquqi və ya faktiki sübuta söykənməyən, yalnız birtərəfli iddialar və sensasiya xatirinə uydurulmuş narrativlərlə doludur.

Bu dəfə "The Independent" jurnalistlərinin hədəfi dövlət çevrilişinə cəhd və digər ağır cinayətlərdə təqsirləndirilərək həbs edilmiş AXCP sədri Əli Kərimli barəsində aparılan istintaq prosesini təhrif etməkdir.

Birincisi, məqalənin elə başlığından və ilk cümlələrindən açıq-aşkar görünür ki, müəlliflər jurnalistika etikasını, obyektivlik və bitərəflik prinsiplərini tamamilə bir kənara atıblar. İttihamların ana xətti yalnız Əli Kərimlinin qohumlarının və müdafiə tərəfinin subyektiv şikayətləri üzərində qurulub. Haradadır rəsmi dövlət qurumlarının mövqeyi? Haradadır Penitensiar Xidmətin saxlanma şəraiti, tibbi xidmətlər və saxlanılan şəxsin hüquqları ilə bağlı təqdim etdiyi rəsmi faktlar? "The Independent" jurnalistləri görünür unudublar ki, peşəkar jurnalistika birtərəfli nağılları tirajlamaq deyil, həqiqəti hər iki tərəfin arqumentləri ilə təqdim etməkdir.

İkincisi, Əli Kərimlinin saxlanma şəraiti ilə bağlı ortaya atılan "içməli su verilməməsi", "sağlamlığının qəsdən pisləşdirilməsi" və ya "təcrid olunması" kimi iddialar gülünc və məntiqsiz dramatikləşdirmədən başqa bir şey deyil. Azərbaycanın cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları müntəzəm olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ombudsman aparatı və yerli hüquq müdafiəçiləri tərəfindən monitorinq olunur. Heç bir faktiki əsası olmayan bu kimi şikayətlər yalnız ictimai rəydə süni "məzlum obrazı" yaratmaq və beynəlxalq təzyiq mexanizmlərini işə salmaq üçün hazırlanmış klassik siyasi şou ssenarisidir.

Üçüncüsü, məqalədə Böyük Britaniya hökumətinə və beynəlxalq birliyə "Azərbaycana təzyiq göstərin" şəklində edilən çağırışlar bu yazının əsl sifarişli mahiyyətini ifşa edir. Azərbaycan suveren, müstəqil dövlətdir, onun məhkəmə-hüquq sistemi və hüquq-mühafizə orqanları yalnız milli qanunvericiliyə uyğun fəaliyyət göstərir. Heç bir xarici media orqanı və ya lobbi qrupu istintaq prosesinə şantaj və qərəzli materiallarla təsir göstərə bilməz.
Bütün bu uydurma bəyanatlar və sensasiya həvəsi göstərir ki, "The Independent" sadəcə fakta əsaslanmayan siyasi propaqanda alətinə çevrilib. Azərbaycan cəmiyyəti bu cür ucuz manipulyasiyaları dəfələrlə görüb və qərəzli Qərb mediasının bu növ reallıqdan uzaq "məqalələrinə" tutarlı cavabı hər zaman öz milli birliyi və suverenliyi ilə verib.

Kamran Bayramov
Milli Məclisin deputatı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ