Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.
7News.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Zamiq İsgəndərovun (şərti ad - red.) barəsində açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.
Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.
Z.İsgəndərov həyat yoldaşından niyə süfrə açmadığını soruşduqda "get özün hazırla" cavabını alıb. Nəticədə mübahisə yaranıb və qanlı cinayət baş verib.
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini boynuna alıb və ona cəza təyin edilməməsini xahiş edib:
"Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəldi. Uşaqlar həyətdə oynayırdı. Zamiq evə gəldikdə nə üçün səhər yeməyi hazırlamadığımı soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atamın evinə, Gədəbəyə getməyimi istədi.
Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək "gəlin qızınızı aparın" dedi. Atam da onunla telefonda razılaşdı. Övladım isə Fatmayı kəndində məktəbdə oxuduğuna görə, atamgilə getməkdən imtina etdi.
Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara dedim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi. Bu vaxt mən Mehdiabada paltar almağa getmək istəyəndə icazə vermədi. Dedi ki, heç yerə getməyəcəksən, paltarı sabah gedib Gədəbəydən alarsan. Mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq isə "getsən səni vuracam" xəbərdarlığını etdi. Ona dedim ki, qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər qorxmuram...
Bu zaman Zamiq uşaqları həyətə oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, sonra mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zamiq bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər.
Sonra məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördülər, onlar da maşına əyləşdilər. Zamiq, uşaqlarım və tanımadığım taksi sürücüsü ilə birlikdə xəstəxanaya çatmaq üçün yola düşdük. Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq".
Hadisədən sonra Zamiq İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə tərəflərin barışmasını, azyaşlı övladlarının olmasını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından sərbəst buraxılıb.








