RU
Quba Rayon Mərkəzi Xəstəxanasından - REPORTAJ
17:08
938

Quba Rayon Mərkəzi Xəstəxanasından - REPORTAJ

Son 10 il ərzində Respublika üzrə 600-dən çox xəstəxananın tikilməsi və əsaslı təmir edilməsi ölkə əhalisinə yüksək səviyyədə tibbi xidmətin göstərilməsindən xəbər verir. Regionlarda tikilən xəstəxanalar və yaradılan şəraitlə tanış olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən jurnalistlərin Quba Rayon Mərkəzi Xəstəxanasına media turu təşkil edilib.

 Quba rayon Mərkəzi Xəstəxanasından reportajı təqdim edir:

Üç ay əvvəl, oktyabr ayında ölkə başçısının iştirakı ilə əhalinin istifadəsinə verilən Quba rayon Mərkəzi Xəstəxanasının olduqca geniş həyətyanı sahəsi var.

Ümumi olaraq 230 çarpayılıq xəstəxanada 20 şöbə - cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, travmatologiya, ginekologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, laboratoriya, qəbul, təcili tibbi yardım şöbələri və perinatal mərkəz də fəaliyyət göstərir. Əsas korpusla yanaşı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün də yerlər ayrılıb.

Media nümayəndələrinə xəstəxana haqqında geniş məlumat verən Əliyar Sərvərov bildirib ki, klinika ən son müasir tibbi avadanlıqlarla təchiz edildiyindən artıq xəstələrin Bakıya göndərilməsinə ehtiyac qalmayacaq:

"Müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanamızda artıq yeni şöbələr yaradılıb. Bu gün xəstəxanada 150-yə yaxın həkim kollektivi çalışır. Cərrahi şöbədə kameralar yerləşdirilib. Tele-səhiyyənin inkişaf etdirilməsi istiqamətində işlər görülür. Artıq hər hansı kritik halda Bakıdan xəstəxanaya həkimlərin çağırılmasına ehtiyac qalmayacaq.

Xəstəxanamızda 73 çarpayılıq regionlararası perinatal mərkəz, 100 çarpayılıq rayonlararası psixonevroloji dispanser də fəaliyyət göstərir”.

Baş həkimin sözlərinə görə, xəstəxanada xüsusi daşına bilən cihazlar var ki, bu da həkimlərin xəstəxanaya gəlməyə imkanı olmayan pasiyentlərə tibbi yardım göstərməsini asanlaşdırır. Həmin avadanlıqlardan biri "EYOP” adlanır. Aparat xüsusilə travmatoloji əməliyyatlar zamanı istifadə edilir.

Xəstəxananın laboratoriyasında qanın ümumi analizi və digər analizlərin yoxlanılması üçün zəruri olan bütün cihazlar mövcuddur. Xəstəxanada vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, müalicə və müayinələrinin yüksək şəkildə təşkil edilməsi istiqamətində icra edilən layihələr nəticəsində regionlarımızda səhiyyənin keyfiyyəti daha da artır.

Həkimlərin sözlərinə görə, Quba əhalisinin ən çox şikayət etdiyi xəstəliklər mədə-bağırsaq problemləri, mədə xoraları, onikibarmaq bağırsaq xəstəlikləri,  travmatoloji problemlər, ürək problemləridir. Kardioloqlar deyir ki, son dövrlərdə ürək xəstəliklərinin cavanlaşması onları narahat edir.

Mediatur çərçivəsində jurnalistlərə açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, nazirliyin məqsədi 2019-cu ilin sonuna qədər regionlarda yerləşən bütün xəstəxanaları ən müasir avadanlıqlarla təchiz etməkdir:

"Regionlarda səhiyyənin təşkili ilə bağlı ən son yenilikləri sizin vasitənizlə ictimaiyyətə çatdırmaq istəyirik. Bildirmək istəyirəm ki, son 10 il ərzində inşa edilən və əsaslı təmir olunan 600-dən çox xəstəxana var. Özünüz də gördüyünüz kimi, xəstəxanada kifayət qədər çətin cərrahi prosedurlar həyata keçirilir. Növbəti mediaturumuzun isə Qəbələ və Sabirabad istiqamətinə gerçəkləşdirilməsi nəzərdə tutulur”.

Ümumiyyətlə, onu deyə bilərəm ki, regionlarda yaradılan şərait Bakıdakı xəstəxanalardan nə şərait, nə də xidmət baxımında geri qalır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ