Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində iki nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə vilayət qubernatoru Yuri Slyusar "Max" hesabında yazıb məlumat verib.
Onun sözlərinə görə, həlak olanlar ər-arvaddır. Yaralananlardan ikisinin, o cümlədən bir yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Qubernator bildirib ki, Rostov-na-Donu şəhərinin Jeleznodorojnı, Proletarski və Leninski rayonlarında yaşayış evlərinə, anbarlara, özəl müəssisəyə və avtomobillərə ziyan dəyib. PUA qalıqlarının düşməsi nəticəsində bir neçə yerdə yanğın baş verib.
Yanğınların böyük hissəsi söndürülsə də, xilasedicilər 400 kvadratmetrlik ərazidə alovun lokallaşdırılması istiqamətində işləri davam etdirirlər.
Slyusar əlavə edib ki, hazırda Taqanroq şəhərinə yönələn hava hücumunun qarşısının alınması istiqamətində tədbirlər görülür./apa








