Rusiya ordusu Qara dənizdə Ukraynanın iki mülki axtarış-xilasetmə katerinə hücum edib.
Bu barədə Ukrayna Baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba məlumat verib.
"Rusiya Ukrayna dəniz dəhlizi daxilində humanitar missiya yerinə yetirən Dəniz Axtarış-Xilasetmə Xidmətinin iki katerinə zərbə endirib. Təəssüf ki, yaralananlar var. Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları tərəfindən təxliyə davam edir", - o bildirib.
Nazir onu da qeyd edib ki, kiçik sahil axtarış-xilasetmə katerləri beynəlxalq humanitar hüquqa əsasən xüsusi qorunma altındadır.
Məlumata görə, hər iki kater beynəlxalq hüquqa uyğun olaraq müvafiq rənglər və Axtarış-Xilasetmə mənasını verən SAR işarələri ilə işarələnib.








