MELİORASİYA RƏHBƏRİ İLKİN ƏZİZOV İSƏ ÖZ SƏDRİNİ SAHİBKARLARLA ÜZ-ÜZƏ QOYUR
7NEWS.az-ın Salyanda təsərrüfatların su təminatının dayandırılması ilə bağlı apardığı araşdırmada yeni və kifayət qədər ciddi məqamlar ortaya çıxıb.
Məsələ artıq təkcə "kanal bağlanıb, fermerlər susuz qalıb” səviyyəsində deyil. İndi əsas sual budur: suyu kim bağlayıb, kimin göstərişi ilə bağlayıb və su niyə məhz "Salyan Aqro Park”ın gölünə yönəldilib?
Redaksiyamıza daxil olan məlumatlara görə, məsələ ətrafında müxtəlif dövlət strukturlarının bir-birinin üzərinə məsuliyyət atması görüntüsü yaranır.
Bir tərəfdən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun adı məsələnin siyasi və inzibati tərəfi ilə bağlı müzakirə olunur. Digər tərəfdən isə su təsərrüfatının birbaşa idarə olunmasına cavabdeh olan sistemin rəhbərliyi prosesdən kənarda qala bilməz.
Daha maraqlısı isə budur: Su Meliorasiya sistemində məsul şəxsin sahibkarlara "suyu mən bağlatmışam, Aqroparkın gölünə su vermişəm” məzmununda açıqlama verdiyi bildirilir.
Əgər bu sözlər həqiqətən deyilibsə, ortaya çox ciddi sual çıxır:
Bu şəxs suyu özbaşına bağlayıb, yoxsa ona belə tapşırıq verilib?
Əgər tapşırıq verilibsə, tapşırığı kim verib?
Əgər qərar ADSEA xətti ilə qəbul edilibsə, bunun hüquqi və texniki əsası nədir?
Əgər belə qərar olmayıbsa, onda regional su-meliorasiya strukturu hansı əsasla fermerlərin su yolunu bağlayaraq həmin suyu başqa istiqamətə yönəldib?
ZAUR MİKAYILOVUN ADINDAN KİM İSTİFADƏ EDİR?
Burada daha bir mühüm məqam ortaya çıxır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur və Regional Su Meliorasiya Xidməti Agentliyin tabeli qurumlarından biridir.
Deməli, regional səviyyədə qəbul edilən qərarlar istər-istəməz Agentliyin rəhbərliyinin də diqqətinə gəlir.
Əgər Salyanda hansısa yerli məmurun və ya digər şəxslərin marağı naminə su bölgüsü dəyişdirilibsə, burada məsuliyyətin ADSEA sədrinin üzərinə yönəldilməsi cəhdi varsa, bunun da aydınlaşdırılmasına ehtiyac var.
Çünki bir dövlət qurumunun yerli strukturu qərar verir, nəticədə sahibkarlar narazı qalır, sonra isə məsuliyyətin yuxarı rəhbərliyin üzərinə atılması görüntüsü yaranırsa, bu, artıq adi təsərrüfat məsələsi deyil.
İndi isə su məsələsində yeni suallar meydana çıxır:
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun bu prosesdə rolu nədir?
Ceyhun Həsənovun adı çəkilən "Salyan Aqro Park”la bağlı su məsələsində hər hansı təsiri olubmu?
Regional Su Meliorasiya strukturunun məsul şəxsi suyu kimin göstərişi ilə bağlayıb?
Nə üçün fermerlərin su təminatı məhdudlaşdırıldığı halda Aqroparkın gölünə su verilib?
Və ən əsası:
SUYUN BAŞINDA KİM DURUR?
Əgər bütün bu qərarlar qanuni və texniki əsaslara söykənirsə, aidiyyəti qurumlar bunu sənədlərlə açıqlamalıdır.
Əgər suyun bölüşdürülməsində hər hansı sahibkara üstünlük verilməsi barədə qərar qəbul edilibsə, onun hüquqi əsası ictimaiyyətə təqdim olunmalıdır.
Əgər heç bir rəsmi qərar olmayıbsa, o zaman "suyu mən bağlatmışam” deyən şəxsin bu addımı hansı səlahiyyətlə atdığı araşdırılmalıdır.
Çünki burada söhbət sadəcə sudan getmir.
Söhbət dövlət resursunun kimə, hansı qaydada və kimin göstərişi ilə yönəldilməsindən gedir.
7NEWS.az olaraq məsələni araşdırmaqda davam edəcəyik.
7news.az



