RU
lombard
Söz qalasında Vətən sevgisi
21:03
816

Söz qalasında Vətən sevgisi

Ramiz Göyüşov “Sən bizim ellərin ruhuna bir bax...” Bakı 2015

Mən hərdən ədəbiyyatımızın indiki vəziyyətinə nəzər salanda düşünürəm ki, indiki durğunluğun səbəblərindən biri və birincisi ədəbi tənqidin zəifliyi və dişsizliyidir. Çünki hər hansı əsər, hər hansı yazar haqqında yazılar ya həddən artıq tərifə köklənmiş olur, ya da ki, söz xatirinə sözdən başqa bir şeyə yaramır. Digər tərəfdən bu zəhrimara qalmış siyasətin ədəbiyyata yerli-yersiz müdaxiləsi və siyasətçilərin siyasətdə qazana bilmədiyi uğurlara görə şair və yazıçıları tənqid etməsi ( bəzən bu tənqid yox, təhqir mövqeyinə də keçir) ədəbiyyata xeyirdən çox ziyan gətirir. Əslində ədəbiyyat iqtidar, ədəbi-tənqid müxalifət rolunda olmalıdır. Ədəbi tənqidi güclü olan ədəbiyyat da güclü olur. Ədəbi tənqidi zəif olan ədəbiyyat isə yalnız öz resursları hesabına inkişaf etmək zorunda qalır.İndiki ədəbi tənqid Azərbaycanın siyasi mühitinə bənzəyir. Zəif müxalifət qeybətdən o yana keçə bilmədiyinə görə iqtidara inkişaf baxımından təsiri sıfır səviyyəsindədir. Hətta bəzi siyasətçilər öz şəxsi maraqlarından və bəzən də regional prizmalarından ayrı-ayrı yazarların, görkəmli simaların yazılarına yox, şəxsiyyətlərinə hücuma keçir, dövrü və zamanı qiymətləndirmək əvəzinə heç kimə və ədəbiyyata lazım olmayan fikirləri ilə ürək bulandırırlar.
Yazını belə ovqatla başlamağımın kökündə isə bir paralel aparmaq niyyəti durur. Yuxarıda qeyd etdiyim fikirlərə rəğmən yaxşı ki, siyasi həyatın içində olub ədəbiyyata ürəkdən bağlı olan, hər sözü, hər kəlməni dərindən incələməyi sevən və incələdikdən sonra da həqiqi qiymətini verən insanlar da var. Belələrindən biri də öz ədəbi-tənqidi baxışlarında səmimi, dürüst və başlıcası isə sözün ululuğuna və qutsallığına sayğı və məhəbbətlə yanaşan Ramiz Göyüşovdur.
İlk baxışdan ciddi və qaraqabaq adam təsiri bağışlayan Ramiz müəllim əslində söz xiridirarıdır. Hərdən fikirləşirəm ki, bu qədər işin içində Ramiz müəllim necə vaxt tapıb yazır? Siyasi-ictimai fəaliyyət, vəzifə funksiyaları, səhərdən gecə yarısına qədər işləmək, insanları dinləmək məcburiyyəti bu adamı qələmdən və sözdən ayıra bilmir. Lakin sadaladığım proseslər onun qələminin səmimiyyətinə, fikirlərinin dürüst və sərrast olmasına zərrə qədər xələl gətirə bilmir.
Ramiz müəllim ulu sözə baş əyən, ulu sözə söykənən qələm sahibidir. Onun bu yaxınlarda “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş “Sən bizim ellərin ruhuna bir bax...” kitabında toplanan ədəbi-tənqidi məqalələr və esselər fikirlərimin təsdiqidir desəm, yanılmaram.
Ruhən poetik dünyanın adamı olan müəllif sevdiyi, özünə doğma bildiyi poetik nümunələrə istinadla sözün qüdrətli olduğunu, sözə söykənməklə böyük bir problem həll etməyin mümkünlüyünü isbatlayır və bunu konkret nümunələrlə əsaslandırır. Ulu söz ustadı Səməd Vurğun poeziyasının indiyə qədər təhlil edilməmiş, lakin bədii məziyyətinə görə digər əsərlər kimi güclü poetik tutuma malik olan əsərlərindən sitat gətirir və belə bir fikir işlədir:
“Fikrimcə, Səməd Vurğun şair olaraq, təkcə “Azərbaycan” şeirini yazmış olsaydı, o bir bu şeirlə ümumxalq məhəbbəti, ümumxalq sevgisi qazana bilərdi...”
Ramiz müəllim daxili bir yanğı, böyük şairə məhəbbət hissi ilə qələmə aldığı essedə zaman paraleli aparmağı da unutmur və bu gün poetik aləmi, şair dünyasını öz arşını ilə ölçənlərə tutarlı cavab da verir. O qeyd edir ki, S.Vurğun da öz dövrünün, zamanının övladı idi və partiyaya, komsomola həsr etdiyi şeirləri də var. Lakin bu şeirlərdə təriflə yanaşı elə sətiraltı mənalar gizlənib ki, bunu yalnız ariflər duya bilər. Haqlı fikirdir. Həzrə Əli( ə.s) buyururdu ki “Uşaqlar ata-analarından çox zəmanəsinə bənzəyir”. Bu belədir və bundan qeyrisini fikirləşmək mümkün deyildir.Bu mənada Səməd Vurğunun da zamanla ayaqlaşmaq, mümkün repressiyalardan qorunmaq haqqı vardı və bu gün bunu bayraq eləmək, baş qaxıncına çevirmək nə siyasətçiyə, nə də tənqidçiyə yaraşmaz.
Ramiz Göyüşovun fikrinə qüvvət olaraq bildirirəm ki, “26-lar” poemasının proloq hissəsi bəlkə də Səməd Vurğun poeziyasının ən qüdrətli hissəsidir. “Bakının dərdi var, Bakı xəstədir... “ misralarıyla başlayan bu hissədə poetik möhtəşəmlik, sözün qüdrəti o qədər ecazkarlıq yaradıb ki, poemanın qalan hissəsinin nədən, necə bəhs etməsi o qədər də önəmli deyildir. Məhz, bizim fikirlərimizin üst-üstə düşməsinin səbəbi də sözə siyasi zamana görə deyil, bədii məziyyətinə görə qiymət verməkdir.
XX əsr ədəbiyyatımızın parlaq şəxsiyyətlərindən olan Hüseyn Arif, Nəriman Həsənzadə yaradıcılığına baxış da yeni və təravətlidir. Hüseyn Arif yaradıcılığında insan və təbiətin harmoniyasından bəhs edən və incə məqamları tutan müəllif, poetik misralardakı sadəliyi, sadəliklə yanaşı möhtəşəmliyi önə çəkir, şair yaradıcılığını fəlsəfi- sosioloji prizmadan təhlil edir.
Şairin “Kəpəz” şeirindən nümunə gətirən müəllif təbiətə bağlı şairin sözdən toxuduğu xalçadakı ilmələrin rəngarəngliyini böyük şövq və həvəslə təhlil edir.
Qazax ədəbi mühitinin, ədəbi məktəbinin köklü ənənələrini özündə ehtiva edən, inkişaf etdirən və zənginləşdirən Nəriman Həsənzadə yaradıcılığının təhlilində müəllif bir qədər də konkretləşdirmə aparır, şairin fəlsəfi kəlamlarından nümunələrlə fikrini isbatlayır. Həmin misraların bir neçəsini burada təkrarlamaq da yerinə düşər:
Hər torpaq dünyada məmləkət olmur,
Parça var-yaşayır bayraq olanda,
yaxud,
Həyatda imtahan götürənlərin,
Vaxt gəlir, özü də imtahan verir.
Məncə bu qədər sadə və gözəl dillə deyilmiş fikrin isbata ehtiyacı yoxdur.
Zəlimxan Yaqubun bulaq suyu qədər saf, ana südü qədər şirin poeziyasına vurğunluq Ramiz müəllimi elə duyğulandırır ki, şairin yaradıcılığına həsr etdiyi essedə tamam kövrək notlar üstündə köklənir, sanki poeziyanın qanadında ağ buludlara doğru uçur. Uçur da Qarayazı meşələrini, Yağlıca dağlarını, Ağbabadan ta Şəmkirə qədər uzanan Borçalının anadilli meşələrini, buz bulaqlarını bağrına basıb qayıdır. Dilimizin tükənməz imkanlarından məharətlə istifadə edən, bulaq kimi çağlayan şair ürəyinin döyüntülərini, hiss və həyəcanlarını incəliyinə qədər təsvir edən müəllif sonda belə bir qənaətə gəlir ki, tarixi şəxsiyyətlər yaratdığı kimi, sözü də Zəlimxan kimi ustadlar yaradır və yaşadır. Davud Nəsibin poeziyası ilə yanaşı tarixi romanlarının bədii məziyyətini özünəməxsus üslubda şərh edən, bu əsərlərdəki milli koloriti, milli təəssübkeşliyi yüksək dəyərləndirən Ramiz müəllim fərqinə varmadan özünün bu duyğular içərisində bütün varlığı ilə torpağa, millətə Vətənə, dilə və folklora bağlılığını büruzə verir.
Üzərində daha çox dayanmaq istədiyim esselərdən biri də mərhum şairimiz, sözün əsl mənasında ağalıq və sanballılıq simvolu olan Eldar Nəsibli yaradıcılığına həsr edilmiş essedir.
Eldar Nəsibli sözün əsl mənasında Türk kişisi idi. Onun təkcə “Bura Qazaxdır oğlum” şeiri kifayət edər ki, bu böyük Türkün Vətən sevgisini, hər daşın, hər qayanın Vətən olduğunu isbatlama duyğusunun şahidi olasan. Mən özüm də vaxtilə “Mühakimə” qəzetində Eldarın yaradıcılığı haqqında geniş həcmli bir yazı yazmışdım və rəhmətlik o yazını oxuyandan sonra mənə dedi ki, Şəmsi, mənim yaradıcılığım haqqında çox yazılıb, amma səmimi deyirəm ki, məni bu cür təhli edən və duyan olmamışdı. Amma etiraf edim ki, Ramiz müəllimin bu yazısı mənim yazımdan çox-çox dərin və hərtərəflidir və Eldar Nəsibli yaradıcılığının güzgüsüdür.
Müəllifin Qazax ədəbi məktəbinin digər nümayəndələri Taleh Həmid, Barat Vüsal, İbrahim İlyaslı kimi müqtədir söz adamlarının yaradıcılığından nümunələr gətirərək bu şeriyyətin, bu səmimi duyğuların vətən sevgisindən, el məhəbbətindən qaynaqlandığını, “Ruhani” kökündə çalınan sazın naləsində, neyin zümzüməsində şırşır axan bulaqların səsində var olduğunu qeyd edir.
Bəzən tənqidçinin özünə də tənqidçi lazım olur desək, yanılmarıq. Bu mənada görkəmli qorqudşünas alim, tənqidçi, Rüstəm Kamalın haqqında yazılan fikirlər o qədər səmimi və ürəkdən gələndir ki, oxucu bir anlığa özünü məhz Rüstəm Kamalın yanında, söhbətlərində hiss edir. Doğrudan da Rüstəm Kamal kimi insanlar azdır və onlar haqqında nə qədər çox yazılsa belə özləri kimi az olaraq qalacaqdır. “...Şair təbiətin dilidir, dodağıdır, türkü oxuyan ürəyidir” deyən Rüstəm Kamal bundan sonra heç nə deməsə belə varlığıyla, duyğularıyla şairdir.
Sonda qeyd etməliyəm ki, bu qədər geniş spektrli bir mövzunu səbrlə, özü də incəliklərinə qədər təhlil etmək böyük ürəkli insanlara məxsus bir işdir və bunu da Ramiz müəllim ləyaqətlə yerinə yetirib. Bizlərə də onun qəlbindəki poetik duyğuların sönməzliyini, canının sağlığını diləmək, yeni-yeni esseləri ilə ədəbi tənqidimizə töhfələrini arzulamaq qalır:

Basılmaz sanıldı, basıldı, heyif,
Nə qədər igidlər öz qalasında.
O şəxslər həmişə yenilməz olur,
Kimlər ki əyləşib söz qalasında.

Ramiz müəllim də söz qalasında əyləşənlərdəndir və bu qaladan Vətən sevgisinin ətri gəlir./moderator

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ