RU
TƏBİB-də maaş artımının arxasında mühüm təşəbbüs: 72 mindən çox tibb işçisinin sosial rifahı yüksəldilir
16:05
240

TƏBİB-də maaş artımının arxasında mühüm təşəbbüs: 72 mindən çox tibb işçisinin sosial rifahı yüksəldilir



Azərbaycanda tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılıb. Sentyabrın 1-dən etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisinin əməkhaqları artırılıb.

Məsələ ilə bağlı bu gün keçirilən mətbuat konfransında TƏBİB-in icraçı direktoru Anar Bayramov mühüm açıqlama verib. Onun sözlərinə görə, əməkhaqqı islahatının əsasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü dayanır.

Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Bu təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müsbət qarşılanıb və onun icrası ilə bağlı müvafiq tapşırıq verilib.

Bu məqam xüsusilə diqqətçəkəndir. Çünki söhbət yalnız növbəti maaş artımından deyil, səhiyyə sistemində çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların əməyinə verilən qiymətin artırılmasına və səhiyyədə insan kapitalının daha da gücləndirilməsinə yönəlmiş genişmiqyaslı addımdan gedir.

72 mindən çox tibb işçisini əhatə edir

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 nəfəri əhatə edir.

Onların 36 041 nəfəri orta tibb heyəti, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.

İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılır. Əməkhaqqı artımlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılması nəzərdə tutulur.

Səhiyyədə insan kapitalına sərmayə

Əslində, bu qərarı yalnız maliyyə göstəricisi kimi qiymətləndirmək doğru olmazdı.

Tibb işçisi səhiyyə sisteminin əsas dayağıdır. Həkimin, tibb bacısının, feldşerin, digər orta və kiçik tibb heyətinin iş şəraiti və sosial təminatı birbaşa tibbi xidmətin keyfiyyətinə təsir göstərir.

Bu baxımdan əməkhaqlarının artırılması tibb işçilərinin əməyinin stimullaşdırılması ilə yanaşı, səhiyyə sistemində kadrların saxlanılması və yeni mütəxəssislərin bu sahəyə cəlb edilməsi baxımından da əhəmiyyətli addımdır.

Xüsusilə regionlarda kadr çatışmazlığının nəzərə alınması islahatın diqqət çəkən məqamlarından biridir. Bu yanaşma təkcə Bakı və iri şəhərlərdə deyil, ölkənin bütün bölgələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər.

"Növbəti mühüm addım” mesajı

Tibb işçilərinin əməkhaqlarının artırılması Azərbaycanın səhiyyə sistemində həyata keçirilən sosialyönümlü siyasətin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Burada əsas mesaj aydındır: səhiyyənin inkişafı yalnız yeni xəstəxanaların tikilməsi, müasir avadanlıqların alınması və texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu sistemin əsas qüvvəsi olan insanın — tibb işçisinin sosial rifahı da diqqət mərkəzində olmalıdır.

Mehriban Əliyevanın təşəbbüsü ilə gündəmə gələn və Prezident İlham Əliyevin müsbət münasibəti və tapşırığı ilə reallaşan bu əməkhaqqı islahatı məhz həmin yanaşmanın növbəti ifadəsidir.

72 mindən çox tibb işçisini əhatə edən və illik əməkhaqqı fondunu 189 milyon manat artıran qərar Azərbaycan səhiyyəsində çalışan insanların əməyinə verilən qiymətin mühüm göstəricisidir.

Nəticə etibarilə, bu addım yalnız tibb işçilərinin gəlirlərinin artırılması deyil, səhiyyə sistemində insan kapitalının gücləndirilməsi, kadr potensialının qorunması və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm sosial islahat kimi diqqət çəkir.

Səbuhi Abbasov
QHT sədri, 7NEWS.az saytının baş redaktoru
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ