RU
“Təcavüzkarın məmnun edilməsi onu daha da həvəsləndirir”
14:57
25690

“Təcavüzkarın məmnun edilməsi onu daha da həvəsləndirir”

“Beynəlxalq birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə adekvat reaksiya verməlidir”

“Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitəsilə yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışıqlarda iştirak görüntüsü yaradır”.

Bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini təhlil edərkən deyib.

1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib. 1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilib. 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul edib. Lakin 1989-cu ilin dekabr ayında Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlayıb. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Bu gün Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, regional siyasi məsələlərə olan diqqətin gündəmdə olan ən əsas məsələlərdən biri olduğunu deyən A.Verdiyev ATƏT məkanında həlli uzadılmış münaqişələrin Avropa qitəsində sülh və təhlükəsizliyə əsas təhdid olduğunu dedi: “Təəssüflə qeyd etməliyəm ki, Bazeldə keçirilmiş son Nazirlər Şurası görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində real irəliləyiş olmayıb. Ermənistan ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin sülh müqaviləsi üzərində nəticəyönümlü danışıqlara başlanılmasına dair çağırışlarına məhəl qoymur. Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitəsilə yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışıqlarda iştirak görüntüsü yaradır. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi məqsədilə beynəlxalq humanitar və insan hüquqlarının açıq şəkildə pozulması ilə işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanın aparılması, infrastrukturun dəyişdirilməsi, qeyri-qanuni olaraq mülkiyyətin, təbii resursların və digər sərvərlərin istismarı və ticarətini qeyd etməliyəm. Bu kontekstdə, bu təşkilatın siyasi nizamlanma vasitələrinin işlək saxlanılmasına xidmət edən prinsip və dəyərlərinin müdafiəsi istiqamətində iştirakçı dövlətlərin prinsipial mövqe nümayiş etdirməsi çox vacibdir”.

Azər Verdiyev deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu istənilən vaxt gərginliyin artması ilə gözlənilməz fəsadlar doğuracaq və qeyri-sabitlik yaradacaq amildir: "Bununla da münaqişənin nizamlanması BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1193) saylı qətnamələrində də tələb olunduğu və ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatında da əks olunduğu kimi, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlanmalıdır. Soyuq müharibə bitdikdən sonra beynəlxalq analitiklər yeni dünya nizamının formalaşması anonsunu verdilər. Lakin bu nizamın hüquqi prinsiplərdən irəli gələn mexanizmlər və ya beynəlxalq sistemin əsas aktorları arasında münasibətlərin konfiqurasiyası əsasında inkişaf edəcəyi ilə bağlı müzakirələr səngimir. Ən optimist fikirlər belə hüquqi prinsip və normaların milli maraqlara üstün gələcəyinə inamı azaldır. Belə olan halda bizim hansı dünya nizamına doğru irəliləməyimiz haqda suala cavab vermək də elə asan görünmür. Bunu daha yaxşı anlamaq üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən sülh prosesinə diqqət yetirmək kifayətdir. Münaqişənin mahiyyəti və onun sülh yolu ilə həllinə yanaşma yeni dünya nizamı ilə bağlı hüquqi müstəvidə suallar doğurur, hüquqi piramidanın jus cogens prinsiplərinə əməl edilməsi ilə bağlı beynəlxalq birliyin adekvat reaksiyasını tələb edir. Bu çağırışın nə dərəcədə aktual olduğu münaqişənin mahiyyəti ilə bağlı aşağıda qeyd edilən iki əsas məqamda daha qabarıq müşahidə edilir: Birincisi, Ermənistanın ordu birləşmələri Azərbaycan sərhədlərini keçərək Azərbaycan ərazisində hərbi əməliyyatlar aparıblar. Bu isə beynəlxalq birliyin prinsip etibarı ilə qəti şəkildə qınadığı təcavüz aktı və cinayətidir. Belə olan halda BMT Təhlükəsizlik Şurası təkcə qətnamə qəbul etməklə kifayətlənməməli, Ermənistanın təcavüz aktını qəti şəkildə qınamalı və kollektiv təhlükəsizlik mexanizminin imkanlarından istifadə edib pozulmuş sülhü bərpa etməlidir. İkincisi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisi işğal edilmiş, həmin ərazilərdə qondarma "DQR'' yaradılıb. Bu vəziyyət beynəlxalq hüququn qəti şəkildə qadağan etdiyi gücdən istifadə və Azərbaycanın ərazi bütövlüyünün pozulması nəticəsində yaradılmış və hüquqi baxımdan qəbuledilməzdir. Hələ 80 il bundan öncə dünya birliyi belə halların baş verməsinə qarşı olub. Yaponiyanın Mancuriyanı işğal etməsinə ABŞ-ın dövlət katibi 1932-ci ildə etiraz edib. Sonralar Stimson doktrinası kimi tanınan bu doktrina gücdən istifadə nəticəsində yaradılan "fantom” dövlətin tanınmasını qəti şəkildə rədd edirdi. Məhz həmin dövrdə silahlanmanın azaldılması və məhdudlaşdırılması ilə bağlı dünya konfransı (1932-1934-cü illər) çərçivəsində dünya birliyi təcavüz anlayışının tərifini verməyə çalışırdı. Millətlər Liqasının Politis komitəsinin bəyəndiyi tərif sonradan BMT tərəfindən 1974-cü ildə qəbul edilmiş 3314 nömrəli qətnamədə öz əksini tapacaq və dövlətlərin dolayı vasitələrdən istifadəyə görə məsuliyyətini təyin edəcəkdir. Dolayı təcavüz anlayışı kifayət edir ki, Ermənistanın bu münaqişədə tərəf kimi iştirakı sübuta yetirilsin. Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri Ermənistana qarşı işində 16 iyun 2015-ci ildə qəbul etdiyi yekun qərarda bu məsələyə xüsusi diqqət ayırmış, Ermənistan ordusunun hərbi əməliyyatlarda iştirakı ilə bağlı təkzibolunmaz sübutları sadalamış, onun Dağlıq Qarabağ münaqişəsində "effektiv nəzarətə'' malik olduğunu, başqa sözlə ifadə etsək təcavüz aktı törətdiyini etiraf edibdir".

Münaqişənin həllində əsas maneəyə çevrilən amillərdən danışan Azər Verdiyev erməni lobbisinin bu işdəki “fədakarlığını” xüsusi olaraq qeyd etdi: “Ermənistan rəhbərləri erməni diaspor təşkilatları vasitəsilə münaqişənin həllinə birbaşa iştirak edən ölkələrdə təbliğat işi aparır, münaqişənin ədalətli həllinə mane olurlar. Onlar dərk edirlər ki, beynəlxalq hüquq təcavüz aktını qınayır, belə olan halda isə onların işğalçılıq siyasəti uğur qazana bilməz. Ona görə də, beynəlxalq birliyin sərt mövqe nümayiş etdirməkdən çəkindirməyə çalışırlar. Halbuki bu çox zəruri və mühüm bir addımdır. Xatırlatmaq lazımdır ki, 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində təşkilat münaqişənin həlli prinsipləri ilə bağlı öz mövqeyini açıqladı. Ermənistan rəhbərləri dərk etdilər ki, dünya birliyi suveren bir dövlətə qarşı hərbi təcavüzü və onun ərazisinin işğalı faktını qəbul etməyəcək. Bunun nəticəsi olaraq Ermənistan sülh prosesində kompromisə meyl etdi və qısa müddət ərzində mərhələli həll planını qəbul etdiyini bəyan etdi. Bu münaqişənin sülh yolu ilə həllinə doğru ilk addım idi, lakin ermənilər bunu sadəcə istəmirdilər. Prezident Levon Ter Petrosyanın 1998-ci ilin fevralında istefaya getməsi əslində sülh prosesini uzatmaq məqsədi daşıyırdı. Ermənilərin hesablaması ondan ibarət idi ki, neçə ki beynəlxalq birlik Ermənistanın hərbi təcavüzünü qəti şəkildə qınamır, onlar vaxt qazanmaqla güc vasitəsilə yaradılmış vəziyyəti qoruyub saxlaya bilərlər. Buna görə də onlar sonrakı illərdə gedən danışıqlar prosesində qeyri-konstruktiv mövqedən çıxış etdilər, çünki onlara sülh lazım deyil". /sia

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ