Qadınların 3 yaşı olur. Biri görünən, digəri həqiqi, üçüncüsü isə onların özünə verdiyi yaş. Çörəkçi Şəfiqə Həsənovanın 63 yaşı var.
7News.az ARB 24-ə istinadən xəbər verir ki, o, ömrünün çox hissəsini sevdiyi peşəsinə həsr edib.
Şəfiqə Həsənova - Çörəkçi: "26 ildir ki, bu sexdə dayanmadan işləyirəm. Çörəkçilik ağır olsa da, incəlik tələb edən sənətdir. Mən hər dəfə evdən çıxıb işə gələndə elə bil ki, cavanlaşıram. 26 ili bax belə işləmişəm. Mən fəxr edirəm ki, ailəmə, uşaqlarıma kömək edirəm".
Qadın zərif məxluqdur. Ancaq bu zəriflik onun çətin sınaqlara tab gətirə bilməyəcəyi anlamına gəlmir. Şəfiqə xanım deyir ki, nə qədər ki, canında can var, səhhəti imkan verəcək ən böyük arzusunun çin olacağı günə kimi çörəkçilik edəcək.
Şəfiqə Həsənova - Çörəkçi: "Torpaqlarımız azad olunsun, bişirdiyim çörəkləri əsgərlərimizə paylayım, onları təbrik edim ki, Qarabağ işğaldan azad olub".
Çörək bol olarsa basılmaz Vətən deyib şairimiz. Bu vətən övladlarının sağlamlığı da vacib şərtdir.
Səhhətimizlə bağlı hər hansı bir problem yarananda ilk harayımıza çatan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları olur. Kollektivinin böyük əksəriyyətini qadınlar təşkil edən stansiyanı bu dəfə biz ziyarət etdik.
Kifayət Həsənova - TTTYS-nin əməkdaşı: "40 ildir burada işləyirəm. Bayram olmağına baxmayaraq, xalqın xidmətindəyik".
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yük daşımaları departamentinin qərb şöbəsində işləyən qadınlar da bayramı iş başında qeyd edirlər.
Mehparə Quliyeva - ADY QSC-nin əməkdaşı: "İşimlə fəxr duyur, işimi sevirəm. 20 ildir ki, bu çətin vəzifədə işləyirəm. Zaqafqaziyada tək qadın dispetçer olduğum üçün mənə çox hörmət bəsləyirlər".
7News.az









