Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Prezident Volodimir Zelenskinin Ofisinin keçmiş rəhbər müavini İrina Mudrayanın 20 milyon qriven (447 000 ABŞ dolları) məbləğində girov verilməsi hüququ ilə 60 gün müddətinə həbsdə saxlanılması barədə qətimkan tədbiri seçib.
Bu barədə "Obşestvennıye Novosti" telekanalı məlumat verib.
"Şübhəli İrina Romanovna Mudraya barəsində 60 gün müddətinə nəzarət altında saxlanılması qətimkan tədbiri tətbiq edilsin. İ.R.Mudraya üçün 20 milyon qriven girov məbləği müəyyən edilsin", - deyə hakim elan edib.
Xatırladaq ki, ötən çərşənbə günü, avqustun 19-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasını leqallaşdırılmasını təşkil edən qrupa qarşı xüsusi əməliyyat keçirildiyini elan etmişdi. Qrupun tərkibinə Zelenskinin ofisinin rəhbəri müavini, keçmiş deputat və "Sense Bank" dövlət bankının idarə heyətinin sədri və müşahidə şurasının rəhbəri daxil idi. Mudrayanın evində və bankın baş ofisində axtarışlar aparılıb. NABU tərəfindən dərc edilən qeydlərdə Mudraya, xüsusilə bank üzərində nəzarətin qurulması məsələlərini müzakirə edir. Qalmaqal fonunda Zelenski Mudrayanın işdən çıxarılması barədə fərman imzalayıb.








