RU
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilir
11:20
29

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilir

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.

İmtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda təşkil olunur.

Saat 10:00-da başlayan imtahanın müddəti 3 saatdır və proses VK ilə Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə tam elektron formatda həyata keçirilir.

Qeyd edək ki, test mərhələsində iştirak etmək üçün ümumilikdə 540 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub. İmtahanda keçid balı 60 olaraq müəyyən edilib. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra operativ şəkildə elan olunacaq və VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.

İmtahanın şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə prosesə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin media təmsilçiləri müşahidəçi qismində cəlb olunublar.

Statistik göstəricilərə əsasən, iştirakçıların 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. Namizədlərin 6.7 faizi xarici, 93.3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunudur. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə görə iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın 0.4 faizini təşkil edir.

Eyni zamanda imtahanda iştirak edən 540 namizədin 420 nəfəri (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120 nəfəri (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9 nəfəri ədliyyə sistemində, 5 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 60 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ