Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb.
7News.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 24-də Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin sahilində keçirdiyi təlim zamanı təlim-döyüş tapşırığının icrası zamanı qeydə alınıb.
Məlumata görə, hadisə hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində baş verib.
İlkin məlumata əsasən, 19 hərbçidən 9-u ölüb, daha 3 hərbçi xilas edilib. Digər hərbçilərin axtarışı davam etdirilir.
Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər müvafiq xidmətlər iştirak edir.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, aviasiya general-leytenantı Daulet Kosanov rəhbərlik edir.








