RU
Yeni sexdə əsaslı təmir olunmuş ilk qatar xəttə çıxdı
15:25
493

Yeni sexdə əsaslı təmir olunmuş ilk qatar xəttə çıxdı

"Nərimanov" elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb.

"Bakı Metropoliteni”QSC-dən 7News.Az-a verilən məlumata görə, müasir standartlara uyğun olaraq təchiz edilmiş bu sexdə qatarlar nəinki əsaslı şəkildə təmir olunur, həm də modernləşdirilir. Bununla "Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra reallaşan ən böyük və tarixi layihələrdən biri həyata vəsiqə alıb.

Vaqonlarda köhnə qovşaqlar yeni nəsil avadanlıqları ilə əvəzlənib. Yeniliklər texnoloji baxımdan əhəmiyyətini itirmiş, istifadəsinə ehtiyac qalmayan bir sıra qovşaqları tamamilə aradan çıxarıb.

 

Ümumiyyətlə, sexin fəaliyyətə başlamasının əhəmiyyətli üstünlüyü təmir həcminin ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkil edilməsidir. Çünki bununla küllü miqdarda vəsaitə qənaət edilir. Uzaq keçmişdən ötən yaxın dövrlərə qədər əsaslı təmir müddəti yetişən vaqonlar Moskva metropoliteninə, Moskva Elektrik Qatarlarının Təmiri Zavoduna və onun Tbilisidəki filialına göndərilirdi.

Sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi, yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər səviyyəsində qurulub. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.

Bu günlərdə sexdə daha 5 vaqon üzərində iş başlayıb. Ötən qısa müddətdə əldə olunan təcrübə bu vaqonlarda modernləşdirmənin daha geniş miqyasda tətbiqinə şərait yaradıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ