7News.az xəbər verir ki, iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə məhkum xanımlarla görüş keçirilib. Prodüser Tarix Əliyevin təşkilatçılığı ilə baş tutan bayram yığıncağında Ruhi Əliyeva ilə yanaşı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə müəssisələri nəzdində yaradılmış Himayəçilik şurasının sədri Xalidə Bayramova və Pentensiar xidmətin rəis müavini Hüseynağa Əlixanov iştirak edib.
Cəzaçəkmə müəssəsində qonaq olan şəxslər orada fəaliyyət göstərən toxuculuq, tikiş, xalça və digər fabriklərdə çalışan məhkum xanımlarla da tanış olublar.
Qonaqlar çıxış edərək xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onların tezliklə azadlığa qovuşmaqlarını diləyiblər.
Rəsmi hissənin ən xoş hadisəsi isə 9 məhkum xanımın şərti azadlığa buraxılması olub. Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bunun cəza tədbirlərinin humanistləşdirilməsindən irəli gəldiyini və bənzər tədbirlərin davam edəcəyini deyib. Görüşdə iştirak edən hər bir qonaq azadlığa buraxılan xanımlara buraxılış vəsiqəsini təqdim edib.
Rəsmi hissədən sonra məhkum xanımlar üçün konsert proqramı təşkil edilib. "Nuray" İnstrumental ansamblının müşayəti ilə müğənnilər Elton Hüseynəliyev, Namiq Qaraçuxurlu, Yaşar Yusub və Vasif Əzimov çıxış ediblər. Onlar məhkum xanımlarla rəqs ediblər. Bayram konsertinin aparısı Cavid Gül olub.
Qonaqlar sırasında həmçinin tanınmış modelyer Afaq İsmayılzadə iştirak edib.
Konsert proqramından sonra məhkum xanımlar üçün Ruhi Əliyevanın təqdim etdiyi bayram süfrəsi açılıb və tort kəsilib.
Xatırladaq ki, 8 mart tarixində həm də ad gününü qeyd edən Ruhi Əliyeva bu günü növbəti dəfə məhkum xanımlarla keçirib. O, iki il öncə 2015-ci ildə də Beynəlxalq Qadınlar Gününü məhz 4 saylı cəzaçəkmə müəssisəsində qeyd etmişdi.//big











