Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücüləri saxlayıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, reyd zamanı Nəsimi rayonunda avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə daş parçaları yığaraq nəqliyyat vasitəsinin görünüşünü dəyişən "VAZ-2107” markalı avtomobil saxlanılıb.
Daha bir sürücü avtomobili sürətlə, digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradaraq idarə etdiyi üçün Yasamal rayonu ərazisində saxlanılıb. "KİA” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün onun barəsində inzibati protokol tərtib edilib.
Tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edən sürücülər də müəyyən edilib. Həmin sürücülər inzibati qaydada cərimə edilib və nəqliyyat vasitələri cərimə dayanacağına yerləşdirilib.
7News.Az








